[b]“Turan Tovuz” AFFA-dan dəvət gözləyir: Hədəfimiz böyük olacaq[/b]
18.05.2016 - 11:22
[b]“Turan Tovuz” AFFA-dan dəvət gözləyir: Hədəfimiz böyük olacaq[/b]

“Turan Tovuz” Premyer Liqada iştirak etməyə hazırdı. Artıq sənədlərimizi də toplamışıq və AFFA-nın təklifini gözləyirik”. Bunu apasport.az saytına I divizion klubu "Turan Tovuz"un Müşahidə Şurasının sədri Oqtay Abdullayev deyib.

 

Topaz Premyer Liqasında iştirak edən “Xəzər Lənkəran” və “Rəvan”ın gələn mövsüm üçün lisenziya almaması diqqətləri I divizion klublarına yönəldib. Xüsusən də, “Turan Tovuz”un yenidən elitaya qayıdacağı ilə bağlı söz-söhbət dolaşır. Aşağı liqa çempionu “Neftçala”nın lisenziyanın tələblərinə cavab verməməsi tovuzluları bir qədər də ümidləndirib.

 

Oqtay Abdullayev də komandanın elitada oynamağa hazır olduğunu söyləyib: “Bildiyiniz kimi, biz I divizionu 7-ci pillədə tamamladıq. Premyer Liqaya vəsiqə qazana bilmədiyimiz üçün AFFA-ya hər hansı bir müraciət edə bilmirik. Ancaq AFFA-nın Lisenziya Komissiyasının tələblərini yerinə yetirməyə hazırıq. Bununla bağlı sənəd də toplamışıq və federasiyadan dəvət gözləyirik”.

 

Şura sədri yeganə problemlərinin maliyyə ilə bağlı olduğunu da gizlətməyib: “Maliyyə məsələsində bir az çətinlik ola bilər. İndi desəm ki, sponsor tapmışıq, yalan olar. Bununla bağlı danışıqlarımız davam edir. Bizə dəstək olanlar var. Əgər AFFA Premyer Liqada oynamağımız üçün dəvət göndərsə, sponsor məsələsini də dərhal yoluna qoymağa çalışarıq”.

 

Klub nümayəndəsi elitada yerli oyunçulara güvənməyi düşündüklərini əlavə edib: “Tovuzda kifayət qədər istedadlı oyunçular var. Yüksək dəstəyə qəbul edilsək, Premyer Liqanın digər klublarında çıxış edən bütün tovuzlu futbolçulara təklif göndərəcəyik. Tovuz futboluna canı yananlar komandaya qoşulacaqlar. Ümumiyyətlə, biz bundan əvvəlki komanda kimi, ad xatirinə elitada iştirak etmək istəmirik. Ora qəbul olunsaq, iddialı komanda quracağıq, hədəflərimiz də böyük olacaq”.

 

 

0