[b]“Ürəyinin yerində zibil qutusu olmalıdı” – “Yuventus” düşərgəsində etiraz[/b]
12.04.2018 - 10:24
[b]“Ürəyinin yerində zibil qutusu olmalıdı” – “Yuventus” düşərgəsində etiraz[/b]

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında “Yuventus”a öz meydanında 1:3 hesabı ilə uduzan “Real” son dəqiqə qolu sayəsində yarımfinala adlayıb. Apasport.az saytının məlumatına görə, məhz 90+3-cü dəqiqədə İtaliya klubunun qapısına təyin edilən penalti qərarı böyük mübahisələrə yol açıb.

 

Qapıçı Canluici Buffonun qırmızı vərəqə alması və “qoca sinyora”nın oyunçularının kəskin etirazı təkcə meydanda olmayıb. Onlar qarşılaşmadan sonra mətbuata açıqlamalarında da ingiltərəli baş hakim Maykl Oliveri ittiham ediblər.

 

Massimiliano Alleqri (“Yuventus”un baş məşqçisi): “Hakimin qərarını dəyərləndirmək istəmirəm. 60 dəqiqə əla futbol sərgiləyən oyunçularıma görə təəssüf hissi keçirirəm. Turindəki məğlubiyyətin təsadüfi olduğunu göstərdik. Bu gün belə penalti verildisə, ilk görüşdə Kuadradonun epizoduna da göz yumulmamalı idi. Elə həmin vaxt demişdim ki, bu qərar cütlüyün taleyini həll edəcək. Ən azı əlavə 30 dəqiqə oynamağa layiq idik. İki dəyişiklik imkanımız da qalmışdı. Bunlarla əlavə vaxtda oyunu canlandıra bilərdik. Bu gün göstərdik ki, “Yuventus” son illər həm klub, həm də komanda kimi böyüyüb”.

 

Andrea Anyelli (“Yuventus”un prezidenti): “Sakit qalmalı və hər şeyi təhlil etməliyik. Bir neçə ölkə videotəkrar (VAR) sistemdən yararlanır. Onu da görürəm ki, son vaxtlar İtaliya klublarının əleyhinə qərarlar verilir. “Milan”ın “Arsenal”la matçı, bizim ilk qarşılaşmamızda Kuadradonun verilməyən penalti epizodu... Bu, VAR sisteminin Çempionlar Liqasında istifadəsini şərtləndirir. Bu, 1-2 xalın söhbəti deyil, nüfuz məsələsidi, ortada böyük pullar var. Belə hadisələr baş verməməlidi. Hakim təyinatlarına məsul olan şəxslər qərəzli olmadıqlarını desələr də, İtaliya klublarına qarşı bu cür mövqe tuturlar. “Roma”nın penaltisi verilmədi, “Milan” “Arsenal”a hakim səhvləri ucbatından yenildi, bu gün də bizə qarşı ədalətli qərarlar olmadı. Bu, texniki problemdi və UEFA-nın yaxşı hakimləri yoxdu. Biz onlara kömək edə bilərik. Futbolçular kimi, hakimlər də səhv edə bilərlər. Ancaq bu gün referi nəzarəti itirmişdi, əsl xaos yaratmışdı. Əminəm ki, Maykl Oliver təkrarı izlədikdən sonra nələrin yaşandığını başa düşəcək və xəcalət çəkəcək”.

 


Canluici Buffon (“Yuventus”un kapitanı): “Bəli, mübahisəli penaltidi. Hakim epizodu dəqiq görmədi. İlk matçda bizim penaltimiz verilməmişdi. 90+3-cü dəqiqədə əmin deyilsənsə, penalti verməməlisən. Komanda bütün gücünü qoydu, bir nəfər gəldi və möhtəşəm geridönüş xəyallarımızı puç etdi. Bunun üçün sənin ürəyinin yerində zibil qutusu olmalıdı. Bundan başqa, əgər belə bir stadionda oyun idarə edəcək cəsarətin yoxdusa, xanımın və övladlarınla birlikdə tribunada otur, çips ye. Bir komandanın xəyallarını puç etməyə haqqın yoxdu. “Real” iki oyuna əsasən növbəti mərhələyə layiq idi. Bu kluba qarşı oynamaq mənim üçün hər zaman şərəf olub. Ancaq biz də ən azı əlavə vaxta layiq idik”.

 

Medhi Benatia (“Yuventus”un müdafiəçisi): “Vaskesin yanında havaya qalxdım və topa oynadım. Mənim ayaqla toxunuşumdan sonra top səmtini dəyişdi. Vaskes, sadəcə, özünü yerə atdı, çünki başqa seçimi yox idi. Belə penalti qərarı axmaqlıqdı. Bu gün qurban olduq, amma gördüyümüz işdən qürur duyuruq. O ki qaldı Buffonun epizoduna, hakim niyə qırmızı vərəqə göstərdiyini açıqlamalıdı. Əgər kapitan 11 metrlik təyin edildikdən sonra hakimlə söhbət etmək hüququna malik deyilsə, onda kimin haqqı var?”

 

Corcio Kyellini (“Yuventus”un müdafiəçisi): “Kimsə təəccübləndi? “Real” ötən il “Bavariya”nı eyni yolla keçmişdi, indi də bizi. Bu, mənim üçün sürpriz olmadı. Epizodu ilk baxışdan penalti kimi görə bilərsiniz, amma təkrarı izlədikdən sonra qərarın nə qədər gülməli olduğunu görərsiniz”.

Zinəddin Zidan (“Real”ın baş məşqçisi): “Ümumi hesabda qalib gəldiyimiz üçün sevinirəm. Bu gün kifayət qədər qol vəziyyəti yaratdıq, lakin top qapıdan keçmək istəmirdi. Tərləməyə ehtiyac var idi. Planımızda erkən qol buraxmaq yox idi. Bu, “Yuventus”u ümidləndirdi və özlərinə daha çox inanaraq oynadılar. Biz isə o qədər də yaxşı çıxış etmədik, istədiyimiz futbolu göstərə bilmədik. Rəqib yüksək təzyiqlə problem yaratdı. Alleqri əla taktiki plan hazırlamışdı. Ancaq mərhələ adlamağa daha çox layiq idik. Penalti qərarı isə doğru idi. Yəqin ki, bu məsələdə həmfikirik”.

 

Lukas Vaskes (“Real”ın yarımmüdafiəçisi): “Penalti qərarı tam doğru idi. Ronaldodan ötürmə qəbul etdikdən sonra rəqibin müdafiəçisi məni vurdu. Halbuki, zərbəyə hazırlaşırdım. “Yuventus” futbolçularının etirazı normaldı. Çünki son dəqiqə idi. Bugünkü qarşılaşma bizim üçün dərs olmalıdı. Kim rahatlaşırsa, bunun cəzasını çəkir. Çempionlar Liqası heç kimi bağışlamır. Sona qədər mübarizə aparmalı olduğumuzu və çətinliklərlə üzləşəcəyimizi bilirdik. Əsas odu ki, son dəqiqə qolu bizi yarımfinala daşıdı”.

 

Kriştianu Ronaldo (“Real”ın hücumçusu): “Yuventus” futbolçularının niyə etiraz etdiklərini anlamıram. Lukasa qarşı kobudluq olundu. Onu yıxmasaydılar, qol vuracaqdı. Gərginlik son həddə idi. Soyuqqanlılığımı qorudum və həlledici zərbəni vuracağımı dərk etdim. Daha çox qol vura bilərdik. Ancaq Buffon yaxşı oynadı. Bu çətinliyi yaşamalı idik. Belə məqamlar komandamıza kömək edir, çünki bundan dərs çıxarırıq. Futbolda sona qədər “vuruşmaq” lazımdı”.