[b]“Uzun fasilədən sonra özümü xoşbəxt hiss etdim” - Arda[/b]
06.09.2017 - 11:32
[b]“Uzun fasilədən sonra özümü xoşbəxt hiss etdim” - Arda[/b]

“Xorvatiyaya qarşı sona qədər mübarizə apardıq. Taktiki cəhətdən düzgün oynadıq və yekunda hər şey planlaşdırdığımız kimi oldu”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Türkiyə yığmasının futbolçusu Arda Turan deyib.

 

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Xorvatiyanı qəbul edən “ay-ulduzlular” 1:0 hesablı qələbə qazanıblar və Rusiyada keçiriləcək mundiala vəsiqə qazanmaq şanslarını saxlayıblar.

 

Ölkəsinin mətbuatına açıqlama verən Arda maraqlı fikirlər səsləndirib. “Barselona”nın futbolçusu uzun fasilədən sonra xoşbəxt olduğunu bildirib: “Azarkeşlərə minnətdaram, bizə yaxşı dəstək oldular, milliyə inandıqlarını hiss etdirdilər. Yenidən bir araya gəlmək, xoşbəxt olmaq hər birimizə yaxşı təsir etdi. Çünki buna ehtiyacımız var idi. Bu ölkənin övladlarıyıq. Türkiyəyə canımız fədadı. Həm komanda yoldaşlarımı, həm də Mirça Luçeskunu təbrik edirəm. Baş məşqçi bu postda ilk qələbəsini qazandı. Ümidimizi sona qədər davam etdirəcəyik. Uzun fasilədən sonra özümü xoşbəxt hiss etdim”.

 

Arda Türkiyə yığmasının hazırkı vəziyyətini də dəyərləndirib: “Həm psixoloji, həm də fiziki cəhətdən çətin durumdayıq. Burak Yılmaz tez-tez zədələndi. Mən 5 aya yaxındı ki, oyun keçirmirdim. Bununla belə, əlimizdən gələni etməyə çalışırıq. Biz də insanıq. Sadəcə, millətimizin yığmaya inanmasını istəyirik. Bu formaya aşiqik. Xorvatiya ilə heç-heçə oynasaydıq, bizim üçün hər şey bitmişdi. Amma qələbə sayəsində vəziyyət bir anda dəyişdi. İslandiya və Finlandiya ilə keçirəcəyimiz matçları da qələbə ilə bitirə bilərik. İstəyimizə çatmaq üçün əlimizdən gələni edəcəyik”.

 

Qeyd edək ki, seçmə mərhələdə 8 turdan sonra 14 xal toplayan Türkiyə yığması turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.


 

0