[b]“Xəzər Lənkəran”a gələn xorvatiyalının adı bəlli oldu[/b] - YENİLƏNİB
02.07.2015 - 13:26
[b]“Xəzər Lənkəran”a gələn xorvatiyalının adı bəlli oldu[/b] - YENİLƏNİB

Türkiyənin Kapadokya bölgəsində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” transfer çalışmalarını davam etdirir. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun apasport.az saytına verdiyi məlumata görə, yerli futbolçuların transferini yekunlaşdıran cənub təmsilçisi artıq diqqəti legionerlərə yönəldib.

 

O bildirib ki, “ağ-yaşıllar”ın düşərgəsinə 4 yeni futbolçu qatılacaq. Bunlardan biri bizə tanış olduğu halda, digərləri yenidi.

 

Tanış sima “Simurq”un keçmiş qapıçısı Pavel Kapsadı. 33 yaşlı polşalı qolkiper baxışdan uğurla keçsə, onunla müqavilə imzalanacaq.

 

Digər futbolçulardan isə ikisi braziliyalı, biri xorvatiyalıdı. Sabah Türkiyəyə gələcək braziliyalılardan biri hücumçu, digəri  yarımmüdafiəçidi.

 

“Xəzər Lənkəran”ın baxışa çağırdığı xorvatiyalı futbolçu isə Ante Mitroviçdi. 27 yaşlı hücumçunun son klubu Sloveniya təmsilçisi “Zavrç” olub. 190 sm boyu olan forvard əvvəllər “Zadar” (Xorvatiya), “Rastane” (Xorvatiya), “Zaqreb” (Xorvatiya) və “Koper” (Sloveniya) klublarının da formasını geyinib. Mitroviç “ağ-yaşıllar”ın düşərgəsinə iyulun 4-də qoşulacaq.

 

Kapsa və braziliyalılar kimi, xorvatiyalının da “Xəzər Lənkəran”a keçib-keçməyəcəyinə bir neçə günlük baxış prosesindən sonra aydınlıq gələcək.

 

Bundan əlavə, vaxtilə klubda çıxış edən braziliyalı Dieqo Souzanın "ağ-yaşıllar"a qayıdacağı gözlənilir.  

 

Qeyd edək ki, “Xəzər Lənkəran” yay fasiləsində bu vaxta qədər Ruslan Abışov, Vüqar Nadirov, Vaqif Cavadov və Rəşad Eyyubovla güclənib.