[b]“Xəzər Lənkəran”dan “Qarabağ”a əsgərlik dərsi[/b]
04.04.2016 - 12:11
[b]“Xəzər Lənkəran”dan “Qarabağ”a əsgərlik dərsi[/b]

Aprelin 2-nə keçən gecə Tərtər rayonu istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin 12 əsgəri şəhid olub. Ordumuz bunun cavabını artıqlaması ilə verib, 100-dən çox düşmən əsgəri məhv edilib, bir neçə ərazi geri qaytarılıb.

 

Artıq neçə gündü nəinki Azərbaycanın, bütün dünyanın diqqəti bu hadisələrə yönəlib. Əlbəttə, belə vəziyyətdə futbol heç yada da düşmür. Ancaq görünür, bəzi klub rəhbərlərimiz və futbolçularımız üçün dünənlə bu günün fərqi yoxdu, baş verən hadisələr sıradan bir şeydi.

 

Dünən keçirilən Topaz Premyer Liqasının XXVIII turunun oyunları bir dəqiqəlik sükutla başlamalı idi. Belə də oldu. Ancaq komandalarda çalışan insanlar onların rahat yaşayışı üçün canından keçən igidləri 10-15 saniyə yad etməklə kifayətlənməməli idilər.

 

Qardaş Türkiyədə bu cür hadisə baş verəndə komandalar meydana pankartla çıxır, qol vuranda bunu çılğınlıqla yox, hərbi salam verməklə qeyd edirlər. Bir sözlə, şəhidlərə ehtiramlarını nümayiş etdirirlər. Geridə qalan turda isə “Xəzər Lənkəran” bu baxımdan hər kəsə nümunə oldu. Futbolçuların meydana hərbi geyimdə çıxmaları, rəqiblə salamlaşanda belə, o formanı əyinlərində saxlamaları ayaq üstdə alqışlanmalı hərəkət idi. Əsgərlik yaşında olan lənkəranlı gənclərin üz cizgiləri də onların bu hadisədən necə təsirləndiklərini göstərirdi.

 

Rəqibin “Qarabağ” olması isə lap yerinə düşdü. Qarabağın işğal altında olduğu, orda hər gün döyüşün getdiyi bir vaxtda “Qarabağ” komandasının bir dəqiqəlik məcburi sükutla kifayətlənməsi ən azı düşmənlə üz-üzə duran əsgərlərimizə hörmətsizlikdi. “Xəzər Lənkəran” rəhbərliyi hərbi geyimi necə tapdı? Məgər “Qarabağ” rəhbərliyinin bunu etməyə, heç olmasa meydana pankartla çıxmağa gücü çatmırdı? Bunun bir adı var: laqeydlik.

 

Həmin oyunda Tural Qürbətovun qolu əsgər salamı, Mahir Mədətovun isə komanda yoldaşlarını qucaqlamaqla qeyd etməsi milli dəyərlərə qoyulan hörmətin göstəricisi idi. “Xəzər Lənkəran”lıların bu addımları Ağdamı təmsil edən, lakin buna əhəmiyyət verməyən bir komandaya yaxşı dərs oldu. Eləcə də Premyer Liqada iştirak edən digər 8 kluba.

 

AZAL-ın oyunçularının qol vurduqdan sonra hərbi salam vermələrini də qeyd etmək lazımdı. “Kəpəz”in futbolçuları və məşqçi korpusu bir qədər fərqlilik edib sükut zamanı əsgər salamı verdilər. Şahin Diniyevin “texniki zona”da  “farağat”da dayandığı bir vaxtda onun oğlu Kərimin bunu gülümsəyərək etməsi sadəcə, biabırçılıq idi. Heç Ceyhun Cavadov da ondan geri qalmırdı. Kamerunlu Julien Ebahın başını aşağı salaraq hərbi salam verməsi bir afrikalının Azərbaycan şəhidinə olan ehtiramının təcəssümü idi. 23-24 yaşı olan, əsgərlik yaşı keçən Kərim, Ceyhun və onlar kimi bir çox futbolçu dərk etməlidi ki, meydanda rəqiblə “döyüşün” səngərdə düşmənlə döyüş arasındakı fərqi izah etmək, sadəcə, mümkün deyil.

 

Futbolçu qalib gəlsə də, məğlub olsa da pulunu alır, firavan həyatını davam etdirir. Ancaq əsgər bu işi pul qarşılığında yox, sənin-mənim rahat, təhlükəsiz yaşayışımız üçün görür. Sonu ölüm olduğunu bilə-bilə.

 

Bir şəhidin axan bir damla qanı 10 yox, 100 komandadan, onun yüzlərlə futbolçusundan dəyərlidi.

 

Allah rəhmət eləsin!

 

Ruslan SADIQOV