[b]“Yığmaya əcnəbi gətirib 0:5 hesabı ilə uduzuruqsa...”[/b]
06.05.2016 - 11:33
[b]“Yığmaya əcnəbi gətirib 0:5 hesabı ilə uduzuruqsa...”[/b]

Azərbaycan yığmasının sabiq məşqçisi Vaqif Paşayevin apasport.az saytına müsahibəsi

 

- Millimiz 17 yaşadək futbolçuların Avropa çempionatında ilk oyununda Portuqaliyaya 0:5 hesabı ilə uduzdu. Ağır məğlubiyyət nə ilə bağlıdı: Portuqaliya çox güclü idi, yoxsa yığmamız həddindən artıq zəifdi?

- Portuqaliyalılar həmişə güclü olublar. Oyun başlamamışdan əvvəl həm bizimkilərin, həm də onların məşqinə baxdım. Portuqaliyalı futbolçuların topu qəbul etmələrindən, topla hərəkətindən açıq görünürdü ki, onlar bu gün bizim Premyer Liqada oynaya bilən uşaqlardılar. 3-cü dəqiqədəcə qol buraxmaq bizimkilərə zərbə oldu. Səviyyə fərqi açıq-aşkar görünürdü. Portuqaliya əvvəl də bizdən qat-qat güclü olub, indi də elədi. Onların oyunçuları topu bu tərəfdən o biri cinaha rahatlıqla göndərirdilər. Azərbaycan Premyer Liqasında topu bu tərəfdən o biri cinaha “köçürən” az-maz oyunçu görərsiz.

 

- Millimizin oyununda əsas çatışmazlıq nə idi?

- Uşaqlar psixoloji cəhətdən zəif idilər. Oyun başlamamışdan əvvəl hiss olunurdu ki, bizimkilərdə xal götürəcəklərinə inam yoxdu. Üstəlik, evdə, azarkeşlər qarşısında oynayanda ardıcıl qollar buraxmaq çox pis təsir edir.

 

- Dünənki məğlubiyyətə görə komandanın baş məşqçisi Təbriz Həsənov əsas tənqid hədəfinə çevrilib. Necə düşünürsüz, yenilginin əsas səbəbkarı Həsənovdu, yoxsa onun yerində başqa məşqçi də olsaydı, Portuqaliyaya uduzacaqdıq?

- Problem baş məşqçidə deyil. Onun yerində mən və ya başqası olsam, bizim ən güclü mütəxəssisimiz belə olsa, heç nə edə bilməz. Gəlin, belə danışaq. Usta gəlir iş görməyə. Onun əlində keyfiyyətli material yoxdusa, o, yaxşı təmir edə bilərmi? Lap yaxşı usta olsa belə, əlində material olmalıdı. Bizim yığmanın üzvləri 19 yaşlıların, əvəzedicilərin çempionatında çıxış edənlərdi. Amma Portuqaliyanın oyunçularından yarısından çoxu bu gün bizim Premyer Liqada rahatlıqla oynaya bilərlər. Onlara qarşı bizim uşaqlar nə edə bilərlər ki?

 

- Turnirin startından öncə yığmamızın qrupdan çıxacağını gözləyənlər var idi. Portuqaliyaya məğlubiyyətdən sonra nəyəsə ümid etmək olar?

- Hər məşqçi istəyir ki, 1-2-ci yeri götürsün, qrupdan çıxsın. Bu, normal haldı. Mən Belçika və Şotlandiya komandalarını izləməmişəm, onların hansı səviyyədə olduqlarını bilmirəm. Belçika ilə oyun bizim üçün çox vacibdi. Bu görüşdən sonra ya “davam”, ya “tamam” deyəcəyik. Əgər həmin oyunda da uduzsaq, ilk yerlər bizim üçün mümkünsüz olacaq. Belçikanı məğlub etmək lazımdı.

 

- Xeyli sayda milliləşdirilmiş futbolçu ilə Portuqaliyaya 0:5 hesabı ilə uduzuruqsa, onlara yığmanın formasını geyindirməyin nə mənası var?

- Sizinlə razıyam. Geniş heyətdə olan bir neçə futbolçuya yarışa 2 gün qalmış deyəndə ki, siz “18-lik”də olmayacaqsız, bu, onlara psixoloji cəhətdən çox güclü zərbədi. Ola bilər ki, bəzi uşaqlar bunun təsirindən futbolu da atsınlar. Mən özüm 1996-1997-ci illərdə yığmada işləyəndə turnirə yaxın heyətdə 25-30 nəfər yox, 20 nəfər saxlayırdım. Yəni onların arasında 2 nəfər yekun heyətdən kənarda qala bilərdi. Özü də həmin 2 nəfərə öncədən deyirdim ki, siz qıraqda qalacaqsız, sadəcə zədəli olsa, onları əvəzləyə bilərsiz. Bu uşaqlar 2 ildi yığma ilə təlim-məşq toplanışlarında iştirak edirlər. Əgər onlara inam yox idisə, bunu özlərinə çoxdan demək lazım idi. Təbriz Həsənov özü bilər. Məşqçi məşqçinin dalınca danışmaz. Mənim fikrim belədi, görünür, onun fikri elədi. Amma əcnəbi gətirib 0:5 hesabı ilə uduzuruqsa, elə özümüzünkülərlə oynasaydıq, daha yaxşı idi. Lap 0:6 hesabı ilə uduzardıq, fərqi nədi ki?

 

- Avropanın bir neçə klubunun skautu hazırda Bakıdadı. Siz də neçə illərdi uşaq futbolunda çalışırsız, Rəşad Sadıqov kimi oyunçu yetişdirmisiz. Necə düşünürsüz, hazırkı U-17-dən Rəşad səviyyəsində və ya xarici skautların diqqətini cəlb edə biləcək futbolçu çıxa bilərmi?

- Rəşad Sadıqov, Ceyhun Sultanov, Saşa Yunisoğlu, Vaqif Cavadov kimi futbolçuların bünövrəsini mən qoymuşam. Onlardan heç biri U-16 yığmasında oynamayıb. O vaxtlar U-17 yox, U-16 millisi var idi. Buna baxmayaraq, hamısı əsas millinin şərəfini qoruyub. O vaxt U-16-nın məşqçiləri deyirdilər ki, adlarını çəkdiyim futbolçular zəifdilər. Mənə həmin uşaqları yuxarı pilləyə çatdırmaq çox vacib idi. Vaqif Cavadov 4 ildən sonra Moskvaya getdi. Amma digər 3 oyunçunun U-16-ya dəvət almadığı vaxtlarda onlara psixoloji cəhətdən çox dəstək oldum. Deyirdim ki, eybi yoxdu, əsas birinci millidi. Yoxsa bəlkə də futbolu atardılar. Valideynləri soruşurdular ki, bunlardan bir şey çıxacaq? Deyirdim ki, görəcəksiz, vaxt gələcək, yığmada oynayacaqlar. İndi qıraqda qalmışıq, eybi yox, Allah canlarını sağ eləsin. Yəqin qocalmışıq, heç kimə lazım deyilik. Rəşad da, Ceyhun da, Saşa da futbolumuzda öz sözlərini deyiblər. İndikiləri isə az tanıyıram. Ola bilsin, hazırkı U-17-dən də kimsə çıxdı. Bunu zaman göstərəcək.

 

Tengiz MƏMMƏDOV

 

0