“Azərbaycan futbolu 90-cı illərə qayıdır” fikri boş yerə səslənmir. Xüsusən də, klub futbolumuzda baş verənlər 2004-cü ildən əvvəlki dövrü xatırladır.
Söhbət təkcə maliyyə imkanlarından getmir. Hər halda klublar deyildiyi qədər kasıb olsaydılar, hamılıqla əl-ələ verib Antalyanın “suyunu çıxarmazdılar”. Avropada 100 milyon avroluq transferin ehtiyatda oturduğu bir dövrdə bizimkilər hələ də baxışa oyunçu çağırır, sonra da avrokuboka göz dikirlər.
Toplanış dönəminin əsas problemlərindən biri də yoxlama görüşlərinin işıqlandırılmasıdı. İnternetin hələ bizə gəlib çatmadığı illər yəqin ki, yadınızdadı. Tək-tük komandamız ölkə xaricinə gedər, yoxlama görüşü keçirərdi, lakin azarkeşlərin bundan xəbəri olmazdı. Baş məşqçidən və ya futbolçulardan oyunların hesabını öynənmək isə min-bir əziyyət tələb edirdi. Hətta məğlub olduqları bəzi matçların hesablarının əksini dedikləri də sonradan üzə çıxırdı.
Xarici mətbuat (bizimkilərlə qarşılaşan klubların rəsmi saytları) olmasaydı, indi də Premyer Liqa təmsilçilərinin bəzilərinin nəticələrini öynənmək müşkülə çevriləcəkdi. Hətta elə klub var ki, rəsmi saytı ola-ola xəbərləri feysbukdan yayımlayır. Əsl inkişaf.
Avropada qış və yay fasilələri azarkeşləri ən çox maraqlandıran dövrdü. Çünki edilən transferlər və yenilərin hansı durumda olmaları fanatlar üçün önəmlidi. Bu, isti-soyuq demədən stadionlara gedən, keyfiyyətsiz oyunlarda səsləri batana qədər qışqıran azərbaycanlı azarkeşlərin də haqqıdı. Onlar da sevimli komandalarının yoxlama görüşlərinin ancaq nəticəsi və ya təkcə vurulan qolların videogörüntüləri ilə kifayətlənmək istəmirlər. Burda isə iş klubların üzərinə düşür. Bəs Antalyada olan 8 komandadan neçəsi oyunlarını canlı yayımlayır? Təkcə “Qarabağ”.
“Neftçi” ilk yoxlama görüşünün birinci hissəsini yayımladı, bununla da işini bitirmiş oldu. Digərləri isə yalnız nəticəni yazmaqla (bəzən o da olmur) kifayətlənirlər. Əgər belədisə, o zaman klubların rəsmi saytlarındakı TV variantı nə işə yarayır? Bəlkə baxışa çağırdıqları heç kimə lazım olmayan futbolçuların acı durumunu azarkeşlərdən gizləmək üçün... Bəlkə çempionatdakı rəqiblərinin onların “möhtəşəm” oyun üslublarını görməmələri üçün...
Bəlkə texniki imkanlar... Yox, bu variant keçərli səbəb deyil. Qonşu ölkədən həvəskar səviyyədə yayım təşkil etmək üçün böyük maliyyəyə, texnikaya da ehtiyac yoxdu. Axı biz marsdan canlı yayım aparılan bir dövrdə yaşayırıq. Camaat sosial şəbəkələr vasitəsilə dünyanın o başından canlı yayım edir.
Adicə yoxlama görüşünü azarkeşə təqdim etməyi özünə əziyyət bilən klub sonra “oyunlarımıza niyə az adam gəlir?” şikayətini etməsin, “peşəkarıq” deməsin.