[b]“Yuve” qeyri-müəyyənlikdə: Alleqrini Zidan əvəzləyir?[/b]
12.04.2018 - 15:20
[b]“Yuve” qeyri-müəyyənlikdə: Alleqrini Zidan əvəzləyir?[/b]

Zinədin Zidan qısa məşqçilik karyerası ərzində 8 kubok qazanıb. Onun karyerasının gedişatı komandasının Çempionlar Liqasındakı nəticələrindən asılı olaraq dəyişə bilər. Bəs Zidanın növbəti iş yeri hara olacaq?

 

Zidan “Yuventus”un ikonlarından biri hesab olunur. 2001-ci ilin yayında “Real”a transfer olmamışdan öncə “Yuventus”da 5 uğurlu mövsüm keçirən Zizunun “biankonerilər”in növbəti bossu qismində göstərilməsi, hər halda, heç kim üçün təəccüblü deyil.

 

Son dönəmlərdə dünya idman mətbuatında 45 yaşlı baş məşqçinin növbəti “dayanacağı”nın “Yuventus” ola biləcəyi yazılır.

 

Gəlin, bir az keçmişə nəzər salaq; 2016-cı ildə, “Yuventus”a məşqçi qismində qayıdıb-qayıtmayacağı barədə sual ünvanlananda, Zidan bunları demişdi: “Həmişə “Yuventus”a qarşı xüsusi hisslərim olub. Heç vaxt “heç vaxt” deməməlisən. Bir gün Turinə məşqçi qismində dönə bilərəm”.

 

La Liqa və İspaniya Kral Kubokundakı uğursuz nəticələrin ardından Zidanın gələcəyi yenə sual altındadı. Fransızın dediklərinə inansaq, özü də klubdakı işinin uzun müddət davam etməyəcəyinə inanır.

 

Bütün bunlara baxmayaraq, oyunçular arasındakı hörməti və qazanılan ardıcıl 2 Çempionlar Liqası zəfəri sayəsində Zidan klub daxilində müəyyən “imtiyazlar” qazanıb. Dəqiq olan bir şey də var ki, fransızın mümkünsüzü reallaşdırıb, ardıcıl 3-cü dəfə Çempionlar Liqasını qazanmaq ehtimalı hələ də qalır.

 

Zidan, həmçinin bir gün Fransa yığma komandasını çalışdırmaq istədiyini də deyib. Ancaq onun profilinə uyğun gələn başqa bir iş yeri varsa, o da “Yuventus”du. Bəs bu baş verəcəkmi?

 

Ən azından “Yuve” buna ümid edir. Zidanın Andrea Anyellinin planlarına daxil olduğu bəllidi, klub prezidenti “qəhrəman”ı yenidən şəhərinə qaytarmaq istəyir, ancaq məsələnin bu yay reallaşacağı heç də inandırıcı görünmür.

 

“Yuventus”un hazırkı baş məşqçisi Massimiliano Alleqri karyerasını ölkə xaricində davam etdirmək niyyətindədi. Təsadüfi deyil ki, italyan çalışdırıcı son müsahibələrindən birində, bundan sonra İtaliyada “Yuve”dən başqa bir klubda işləməyəcəyini, növbəti iş yerinin ölkə kənarında olacağını demişdi. Ancaq bir fakt da var ki, Alleqrinin “qoca sinyora” ilə 2020-ci ilin yayına qədər müqaviləsi var və indilik Massimilianonun saziş müddətini “dolduracağı” daha inandırıcı görünür.

 

“Yuve”də qeyri-müəyyənlik hökm sürür. Komanda quruculuğu qaçılmaz görünür, çünki başda Buffon olmaqla, aparıcı simalar karyeralarının son dönəmlərinə qədəm qoyurlar. Qazandığı uğurlara baxmayaraq, təcrübəsinin azlığı səbəbindən, Zidan həmin quruculuq prosesinin başında olacaq keyfiyyətlərə sahib məşqçilərdən deyil.

 

İstənilən halda, Zizu indilik özünü “Real”a “həsr edib”, görünən odu ki, fransız hətta komandasına 13-cü Çempionlar Liqası titulunu qazandırmasa belə, növbəti mövsüm Madrid təmsilçisinin başında ola bilər.

 

Bütün bu ehtimalları nəzərə alsaq, Zidanın yaxın zamanlarda yox, əksinə, “Yuventus”dakı keçid prosesinin ardından komandaya məşqçi kimi qayıdacağına inanıram.

 

Müəllif: Ben Heyvard (Goal.com)

Tərcümə: Rüfət Məcid (Apasport.az)

0