[b]“Zirə” – “Differdanj” matçının hakimi kimdi?[/b]
23.06.2017 - 14:56
[b]“Zirə” – “Differdanj” matçının hakimi kimdi?[/b]

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Zirə” – “Differdanj” matçının hakimi Daniyar Saxi Azərbaycan üçün yad sima deyil. Apasport.az saytının məlumatına görə, qazaxıstanlı referi ötən il də ölkəmizə səfər edib.

 

Həmin vaxt Saxi dördüncü hakim qismində Bakıya gəlib. O, Avroliqanın 2016/2017 mövsümünün I təsnifat mərhələsində baş tutmuş “Kəpəz” – “Daçiya” matçında iş başında olub. Maraqlıdı ki, qolsuz bərabərliklə  nəticələnən həmin qarşılaşma da “Zirə”nin avrokubokdakı debüt matçına ev sahibliyi edəcək “Dalğa Arena”da oynanılıb.

 

2015-ci ildən Qazaxıstan çempionatında təyinat alan Saxi ən gənc FİFA referilərindən hesab olunur. Təsadüfi deyil ki, 26 yaşlı hakim bu vaxta qədər avrokubok görüşlərini idarə etməyib. Bu isə o deməkdi ki, “Zirə” – “Differdanj” qarşılaşması Saxinin baş hakim qismində Avropanın klub yarışlarında debüt oyunu olacaq.

 

Saxi bu vaxta qədər beynəlxalq arenada 2 matç idarə edib. O, 19 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının seçmə mərhələsində Finlandiya – Ukrayna və Hollandiya – Ukrayna oyunlarında ədalət təmsilçisi olub.

 

Qeyd edək ki, “Zirə” – “Differdanj” görüşü iyunun 29-da keçiriləcək.