Türkiyənin Antalya şəhərində məşqlərini davam etdirən “Zirə” hazırlığın ilk mərhələsini artıq başa vurmaq üzrədi. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bir həftənin tamamından etibarən baş məşqçi Adil Şükürov yoxlama oyunlarında komandanın gücünü sınayacaq.
“Qartallar”ın daha bir sparrinq-rəqibləri artıq məlumdu. Komanda yanvarın 19-da Almaniyanın Regional liqası təmsilçilərindən “Optik”lə görüşəcək. Həmin oyun Sidedə baş tutacaq və yerli vaxtla saat 17:00-da başlayacaq.
“Zirə” ilk yoxlama oyununu isə sabah keçirəcək. Əvvəlcə bu tarixdə “Traktorsazi” ilə müqavilə imzalansa da, Təbriz klubunun Antalya toplanışından imtina etməsi üzündən dəyişiklik edilib. Bakılılar sabah Qazaxıstanın “Ordabasi” klubu ilə üz-üzə gələcəklər. Bələkdə “Kaya” otelinin stadionunda baş tutacaq qarşılaşma saat 17:00-da başlayacaq.
Qeyd edək ki, “Zirə” yanvarın 22-də də Rumıniya klubu “Tırqu-Mureş”lə üz-üzə gələcək.