Yeni mövsümdən Topaz Premyer Liqasında çıxış edəcək “Zirə” klubu heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın debütantı daha iki futbolçunun keçidini həll edib.
Bakı təmsilçisi “Qarabağ”da əsas heyətə düşə bilməyən Hacı Əhmədov və “Qəbələ”nin yetirməsi Tellur Mütəllimovla anlaşıb. Əhmədovla 1+1 formatında müqavilə imzalanıb. Yəni Hacı yeni mövsüm ərzində özünü yaxşı tərəfdən göstərə bilsə, onun sözləşməsinin müddəti daha 1 illiyinə uzadılacaq. Tellur Mütəllimov isə "Qəbələ"dən bir il müddətinə icarəyə götürülüb.
Qeyd edək ki, “Zirə” bundan əvvəl Rəşad Abdullayev, Kamal Bayramov, Tərzin Cahangirov və Sadiq Quliyevlə güclənib.