Futbol üzrə Azərbaycan çempionatının I divizionunda mübarizə aparan “Zirə” klubu yenilik etməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, aşağı liqa təmsilçisi indidən Avropanın aparıcı klublarının iş prinsipini araşdırmağa başlayıb.
Yüksək səviyyəli klub formalaşdırmağı hədəfləyən “Zirə” rəhbərliyi gələcəkdə sırf sponsorların ayırdığı məvacibdən asılı olmamaq üçün tanınmış klubların marketinq siyasətini öyrənməyə çalışır. Bu məqsədlə gələn mövsümdən etibarən səfərlərin təşkil edilməsi planlaşdırılır. Yəni, yaradılacaq İşçi Qrupu qitənin böyük klublarının bazalarında olacaq, yerlərdə görüşlər keçirib, fikir mübadiləsi aparacaq.
Klub rəhbərliyi Azərbaycanda futbolun bu yolla inkişafa nail olacağını düşünür.
Qeyd edək ki, hazırda I divizionda 53 xalla 5-ci pillədə qərarlaşan “Zirə”nin gələn mövsümdən Premyer Liqada iştirakı istisna deyil.