[b]“Zirə”də 1 yerli, 3 legioner problemi[/b]
11.04.2016 - 10:51
[b]“Zirə”də 1 yerli, 3 legioner problemi[/b]

Topaz Premyer Liqasının XXX turunda “Xəzər Lənkəran”ı qəbul edəcək “Zirə”nin heyətlə bağlı problemləri davam etməkdədi. Apasport.az saytının məlumatına görə, paytaxt klubunun 4 futbolçusu müxtəlif səbəblərdən yaşıl meydanlardan ayrı düşüb.

 

Söhbət ötən həftə “Rəvan”la oyunu buraxan Vüqar Mustafayev, İqor İvanoviç, Yovan Krneta və Dieqo Souzadan gedir. Bu futbolçulardan İvanoviçin adı “18-liy”ə daxil edilsə də, monteneqrolu yarımmüdafiəçi qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləmək məcburiyyətində qalıb.

 

Mustafayev və İvanoviç yoluxucu xəstəlik olan qripə tutulublar. İqorla müqayisədə Vüqarın vəziyyəti daha pis olub. Hərarəti düşməyən azərbaycanlı futbolçu 3 gün öncə xəstəxanaya yerləşdirilib. Hələ də xəstəxanada olan Vüqarın bu günlərdə evinə buraxılacağı gözlənilir. Gənc xavbek özünü yaxşı hiss edib, məşqlərə başlaya bilsə, “Xəzər Lənkəran”la görüşdə meydana çıxa bilər.

 

İvanoviçin isə durumu yaxşılaşmaq üzrədi. Onun həftəsonu “ağ-yaşıllar”la matçda komandasına kömək etmək ehtimalı yüksəkdi.

 

Məşqçilər korpusu ayağında ağrılar hiss etdiyi üçün Yovan Krnetanı “Rəvan”la matçdan öncə istirahətə buraxıb. Serbiyalı müdafiəçinin tezliklə məşqlərə başlayacağı bildirilir. “Zirə”nin digər zədəlisi Dieqo Souza isə hazırlığa başlasa da, hələ də tam olaraq, sıraya dönməyib. Braziliyalı yarımmüdafiəçi əvvəlki gücünü bərpa etməsi üçün daha 1 həftəyə ehtiyacı var.

 

Qeyd edək ki, “Zirə” – “Xəzər Lənkəran” qarşılaşması aprelin 17-də keçiriləcək. 

0