[b]"Adam cavab verməyə xəcalət çəkir" - MÜSAHİBƏ[/b]
12.05.2016 - 11:20
[b]"Adam cavab verməyə xəcalət çəkir" - MÜSAHİBƏ[/b]

“Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlının apasport.az saytına müsahibəsi

 

- Çempionatın sonuna iki tur qalıb və “Xəzər Lənkəran”ın başı üzərindən qara buludlar azalmaq əvəzinə, çoxalır. Bu gedişin sonunu görürsüzmü?

- Bizim üçün də çox çətindi. Siz kənardan görürsüz, biz komandanın üzvü olaraq, vəziyyəti dərk edir və bunun təsiri, təzyiqi altında meydana çıxırıq. Belə deyək də, klubun tarixindəki qara səhifəni yazırıq. Çalışırıq, bacardığımız qədər mübarizə aparırıq. Amma hələ ki, ortada müsbətə doğru bir addım yoxdu. “İnter”lə oyunda da qol vura biləcəyimiz epizodlarımız oldu. Təəssüf ki, yenə istifadə edə bilmədik. Hər bir futbolçu istəyir ki, komandası mükafatlar uğrunda mübarizə aparsın. Baxaq, 2 tur qalıb. Hər iki oyunda qalib gələ biləcəyimiz rəqiblərlə qarşılaşacağıq. Artıq bu haqda fikirləşmək lazımdı.

 

- Çıxış yolunu tapa bilmirsiz?

- Çox çətindi. Hansısa qohumun evinə gedəndə, ya dost-tanışla söhbətləşəndə sual verirlər ki, yenə uduzdunuz? Adam xəcalət çəkir, utanır cavab verməyə. 17-18 turdu qələbə qazana bilmirik.

 

- Bəs məşqçi, rəhbərlik nə deyir?

- Heyət dəyişməlidi. Komanda gücləndirilməlidi. Yeganə çıxış yolu budu.

 

- Qışda komandaya bir neçə futbolçu dəvət edildi. Onların köməyi dəymir?

- Gələnlər gedənlərlə eyni səviyyədədi. Çempionatın əvvəlində yığılan heyətimiz qalsaydı, nəticə qazanmaq olardı. İndi çox çətindi. Ancaq ümidimizi itirməmişik. Bilirik ki, “Xəzər Lənkəran” yenə iddialı olacaq. Biz oynadıq-oynamadıq, komanda güclənəcək.

 

- Belə məqamlarda əsas yük komandanın öz yetirmələrinin üzərinə düşür…

- Tez-tez öz aramızda söhbətimiz olur. Deyirik ki, belə edək, elə edək. Başa düşürəm, onlara da çətindi. Çətinliyə rəğmən, əllərindən gələni edirlər. 9 ildi bu komandanın heyətindəyəm. Yaxşı vaxtlarında da, çətin günlərində də kömək etməyə çalışdım. Görünür, bu qədərini bacarırıq. Heyəti gücləndirmək lazımdı.

 

- Bunun üçün “Xəzər Lənkəran”ın Premyer Liqadakı yerini qorumağı lazımdı…

- Şansımız var. Son iki oyunda qalib gəlməliyik. Komandanı belə vəziyyətdə qoymaq olmaz. Həm “Sumqayıt”la, həm də “Rəvan”la oyunlarımız final qarşılaşması olacaq. İndi elə vəziyyət yaranıb ki, rəqibin bizdən öndə və ya arxada olmasının heç bir əhəmiyyəti yoxdu.

 

- Belə baxanda “Rəvan”ın oyunçuları meydanda sizdən daha istəkli görünürlər. Bəlkə psixoloji problem nəticə qazanmağınıza mane olur?

- Bilirsiz, məğlubiyyətlərə sanki alışmışıq. Bu oyunu uduzduqsa, deyirik, növbəti matçı düşünək. Həm maddi, həm mənəvi problemlərimiz də var. Bunlar təsir edən məqamlardı. Ancaq son iki oyunda bunları unudub, komandanı vəziyyətdən çıxarmalıyıq.

 

- Əgər Premyer Liqadakı yerinizi qoruya bilməsəniz, azarkeşlərə verəcəyiniz cavab hazırdı?

- Hər şey göz qabaqındadı. Sadəcə, komanda ona yaraşmayan vəziyyətdədi. Elə etməliyik ki, o cavabı verməli olacağımız situasiya yaşanmasın. Ancaq 2 qələbə bizi bu durumdan xilas edəcək.

 

0