[b]"Azərbaycan millisindən dəvət gəlsə, qəbul edəcəm"[/b]
18.11.2014 - 14:57
[b]"Azərbaycan millisindən dəvət gəlsə, qəbul edəcəm"[/b]

“Artıq Bosniya və Herseqovina millisindən ayrılmışam. İstirahət etmədən gələn təklifləri dəyərləndirəcəm”. Apasport.az xəbər verir ki, bu sözləri Türkiyə mətbuatına açıqlamasında bosniyalı məşqçi Safet Suşiç deyib.

 

Bosniya və Herseqovina millisindəki uğursuz nəticələrə görə baş məşqçi vəzifəsindən göndərilən təcrübəli məşqçi Azərbaycan millisi və “Qalatasaray”dan ona təkliflər olduğunu, lakin bu dəvətlərdən imtina etdiyini bildirib. Suşiç qeyd edib ki, əgər yenidən eyni təkliflər gəlsə, qəbul edəcək: “Əgər yenidən Azərbaycan millisində və ya “Qalatasaray”da işləmək dəvəti gələrsə, qəbul edəcəm. Hazırda bundan öncə gələn təklifləri gözdən keçirirəm”.

 

Qeyd edək ki, Safet Suşiç məşqçilik karyerasına Fransanın “Kann” (1994-95)klubunda başlayıb. Daha sonra Türkiyənin “İstanbulspor” (1996-99) çalışdıran 59 yaşlı mütəxəssis bir müddət işsiz qalıb. Səudiyyə Ərəbistanın “Əl-Hilal” (2000-01) klubunda işlədikdən sonra yenidən Türkiyəyə qayıdan Suşiç “Konyaspor” (2004-05), “Ankaragücü” (2005-06), “Çaykur Rizəspor” (2006-08), “Ankaraspor” (2008-09) kimi klubları çalışdırıb. 2010-cu ildən Bosniya və Herseqovina millisinin sükanı arxasına keçən mütəxəssis ölkəsinin millisi ilə Braziliyada keçirilən DÇ-2014-ün seçmə mərhələsində iştirak edib. Lakin AVRO-2016-nın seçmə mərhələsində uğursuz çıxışı nəticəsində yığmadan ayrılıb.