[b]"Bizdən zəif komanda yoxdu" - vitse-prezident[/b]
06.10.2016 - 14:40
[b]"Bizdən zəif komanda yoxdu" - vitse-prezident[/b]

AFFA Klublar Komitəsinin (İK) bu gün baş tutan iclasından sonra komitə sədri Fikrət Hüseynov jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə Hüseynov iclasda müzakirə olunan məsələlərə toxunub, həmçinin vitse-prezidenti olduğu AZAL klubunun hazırkı durumundan bəhs edib.

 

- Klublar Komitəsinin iclasında hansı qərarlar qəbul olundu?

- Klublarımızın Avropa Liqasındakı çıxışı ilə bağlı bir aydan çox idi ki, Klublar Komitəsi yığışmırdı. Çünki bütün klub rəsmilərinin iştirakını istəyirdik. İstədiyimiz kimi də oldu. Gündəliyimizdə 5 məsələ var idi. Hamısını danışdıq. Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov çıxış etdi, klublardakı nöqsanlardan, aşağı yaş qrupu komandalarının məşqçilərinin kateqoriyalarından bəhs etdi. Lisenziyalaşdırma Qrupu növbəti iclasa öz təklifləri ilə gələcək. Bundan başqa, “Qəbələ” klubu 19 yaşadək futbolçular arasında Azərbaycan çempionatının 3 dövrəli sistemə dəyişdirilməsini və ilk 4 pilləni tutan komandalar arasında pley-off oyunlarının keçirilməsini təklif etdi. Amma fikirləşirik ki, bu, çox çətin məsələdi. Hazırkı legioner limitini də müzakirə etdik. “Qəbələ” və “Qarabağ” klubları limitin 6+5-dən, 7+4-ə dəyişdirilməsinin tərəfdarıdı. Qərara gəldik ki, növbəti iclasa hər klub öz təklifi ilə gəlsin və onları AFFA İcraiyyə Komitəsinə təqdim edək. Son olaraq isə I diviziondan Premyer Liqaya vəsiqə qazanan komandaların sayı məsələsinə baxdıq. Qərara gəldik ki, I divizionda ilk iki yeri tutan komandalar elitaya birbaşa vəsiqə qazansınlar, 3-cü yerlə Premyer Liqanın sonuncusu arasında isə pley-off oyunları keçirilsin. Bunu təklif kimi AFFA İcraiyyə Komitəsinə təqdim edəcəyik.

 

- Ancaq nəzərə almaq lazımdı ki, I diviziondan Topaz Premyer Liqasına ilk pillələri tutanlar yox, yaxşı şəraiti olanlar vəsiqə qazanırlar...

- Şəraitdən başqa, lisenziya ilə bağlı tələblərə cavab vermək lazımdı. Bu, Lisenziyalaşdırma Qrupunun işidi. Ola bilsin I divizionda 3-cü yeri tutan komanda 1-ci yer kimi sayılsın, 9-cu yeri tutan da 3-cü olsun.

 

- AZAL-ın hazırda sonuncu pillədə qərarlaşdığını nəzərə alsaq, düşünmək olar ki, son məsələ ilə bağlı təklifi siz vermisiniz?

- Xeyr, 3-4 klubun təklifi idi. Hamı da bunu bəyəndi. Çünki bilinmir o 3 komanda hansı şəraitdə gələcək, onların infrastrukturu necədi? Onsuz da, Premyer Liqada 8 komandanı çətinliklə yığmışıq. AZAL-ın, “Sumqayıt”ın və digərlərinin az-çox şəraiti var. AZAL-ın I divizionun üçüncüsünü məğlub edəcəyini də öncədən proqnozlaşdırmaq olmaz.

 

- Belə çıxır ki, bu təkliflə AZAL-ın Premyer Liqadakı yerini qorumağa çalışırsınız?

- Bu təklif təkcə AZAL-ı yox, “Sumqayıt”ı da, “Kəpəz”i də qorumaq üçündü.

 

- Amma hazırkı gedişat AZAL-ın çempionatı son pillədə tamamlayacağını göstərir...

- Ötən mövsüm ilk 5 turdan sonra nə qol vurmuşduq, nə də xalımız var idi. Amma mövsümün sonunda Avrokuboka düşə bilərdik. Bu mövsüm isə cəmi 7 tur geridə qalıb. AZAL ardıcıl 4 oyunu evində keçirəcək. Futbolda hər şey olur. Sabah ardıcıl 2 qələbə qazansaq, bu sualı “Sumqayıt”a və ya başqa bir komandaya şamil edəcəyik. AZAL-ın infrastrukturu yaxşıdı. Maddi baxımdan bir az axsayırıq, bu da qışda və ya mövsümün sonunda ola bilsin ki, düzələcək.

 

- AZAL-ın aşağı yaş qruplarında da vəziyyət yaxşı deyil. Klubun gələcək perspektivi ilə bağlı nə deyə bilərsiniz?

- Bunların üzərində işləyirik. Aşağı yaş qrupunda elə komandamız var ki, “Qarabağ”a qalib gəlir. Futbolda 0:6 hesablı məğlubiyyət də olur. Xəzər rayonunda ordan-burdan uşaqları yığırıq. Məşqlərimiz davam edir. Elə məşqçi var ki, ötən il 3-4 uşağı özü ilə apardı.

 

- Əsas komandanın baş məşqçisi Tərlan Əhmədov da nəticələrdən narazıdı. Hətta vəziyyətin düzəlməyəcəyi təqdirdə istefa verəcəyini demişdi. Onu komandada saxlaya biləcəksinizmi?

- İsti başla deyilən sözlər idi. 0:5, 0:6 hesablı məğlubiyyət olar. Amma oyun görməyəndə, qaranlıq görəndə məşqçi özü də ruhdan düşür. Ötən mövsüm ardıcıl 5 matçda məğlub olmuşduq, amma rahat idik. Çünki oyun göstərirdik. Tərlan müəllimlə danışmışıq, hər şey normaldı. Biz ona inanırıq. Tərlan müəllim heç nədən bir komanda yığıb. Amma indi bizdən zəif 1-2 komanda yoxdu ki, onlardan xal götürək. Cəmi 8 klub var və rəqiblər normal gücdədi. Buna görə də, bizə bir az çətindi. Tərlan müəllim bu şəraitdə komandanı qoruyursa, igid məşqçidi. Cavan olsa da, kifayət qədər təcrübəsi var.

 

- AZAL elitanı tərk etsə, I divizionda mübarizə aparacaqmı?

- Bu barədə danışmaq üçün hələ erkəndi. Mənə elə gəlir ki, AZAL I diviziona düşməz. İnanırıq ki, hər şey yaxşı olacaq.

0