UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Yuventus”a məğlubiyyət “Barselona”da gərginliyə səbəb olub. Apasport.az saytının “Marca” nəşrinə istinadən məlumatına görə, baş məşqçi Luis Enrike ilə komandanın futbolçuları Lionel Messi və Neymar arasında narazılıq yaranıb.
“Yuve” ilə matçdan sonra Messi və Neymarın zəif çıxış etdiyini bildirən ispaniyalı mütəxəssis son məşqdən əvvəl onlarla görüş keçirib. Söhbət zamanı Luis Enrike futbolçulara növbəti dəfə iradını bildirib. Bundan narazı qalan hər iki ulduz futbolçu kollektivlə birgə məşqə çıxmaqdan imtina edib.
Həm Messi, həm də Neymar trenajor zalında hazırlıq keçməklə kifayətlənib. Maraqlıdı ki, klub da futbolçuların zədəli olduqlarını açıqlamayıb.
Qeyd edək ki, İtaliyada 0:3 hesabı ilə məğlub olan “Barselona” “Yuventus”u aprelin 19-da “Nou Kamp”da qəbul edəcək.