Azərbaycan Premyer Liqasının XXV turu “İnter”lə “Zirə” arasındakı duellərdə yaşanan ənənənin davamı ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, cari mövsümdə 4-cü dəfə üz-üzə gələn rəqiblər bu dəfə də meydandan heç-heçə ilə ayrılıb.
İlk 3 matçda olduğu kimi, bu dəfə də komandalar hərəyə 1 qol vurub. Eyni rəqiblərin mövsüm ərzində 4 dəfə eyni hesablı nəticə ilə ayrılması isə çox nadir hadisə sayılır.
Ümumiyyətlə, “Zirə” və “İnter”in qarşılaşmaları sülh şəraitində keçir. Paytaxt təmsilçiləri indiyədək çempionatda 8 matçda üz-üzə gəlib. Bu oyunların 6-sı, yəni 75 faizi bərabərliklə nəticələnib. Belə yüksək heç-heçə faizi də təsadüfi hallarda yaşanır.
Zirədəki sülh meydan sahiblərinin ardıcıl 3-cü heç-heçəsi kimi də diqqət çəkib. Ötən tur “Qəbələ” (1:1), daha öncə “Qarabağ”la (0:0) bərabərə qalan Ayxan Abbasovun yetirmələri ardıcıl 3 görüşdə mükafatçılarla qarşılaşıb və sülhləri sıralayıb.
“İnter” isə əksinə, 5 matçlıq heç-heçəsiz oyunlar seriyasına son qoyub. Zaur Svanadzenin yetirmələri XIX turun “Zirə” ilə görüşündən sonra bərabərliyə imza atmırdı. Bu dəfə də eyni rəqibdən 1 xal alan ikiqat ölkə çempionu mövsümdə 10-cu heç-heçəsini rəsmiləşdirib. Oyunlarının 40 faizində 1 xal qazanan “İnter” bununla da “Qəbələ”yə çatıb.