[b]"Sumqayıt"ın vaxtsız əyləci: Labirintə girməyin nə mənası?[/b]
11.01.2018 - 12:25
[b]"Sumqayıt"ın vaxtsız əyləci: Labirintə girməyin nə mənası?[/b]

"Sumqayıt" Premyer Liqanın IV dövrəsinin qarşılaşmalarının Sumqayıtdan kənarda oynamaq fikrindədi. Bu barədə klub prezidenti Kamran Quliyev açıqlama verib.

 

Səbəb komandanın doğma stadionu olan "Kapital Bank Arena"da qazonun dəyişdirilməsi ilə bağlıdı. Lakin bu istəyin arxasında başqa məqsədlər də var.

 

Mövsümün həlledici hissəsi məhz 4-cü dövrədə olacaq. Həmin vaxt hazırda 4-cü pillədə olan komandanın “Neftçi”  ilə mübarizəsinin taleyi məlum olacaq, həm də kubokda qalib müəyyənləşəcək. Yarımfinala adlamış komanda tarixinin ən yüksək nəticələrini qazanmağa yaxın ikən bu təmirə, komandaya süni əngəl yaratmağa, onu didərgin salmağa nə ehtiyac var?

 

Bildiyimizə görə, klub rəhbərliyi məqsədə çata bilməyəcəyindən ehtiyatlanır və bu səbəbdən indidən sığortalanmaq istəyir. Gələcəkdə mümkün uğursuzluq halında Sumqayıtda oynamamağı səbəb göstərmək niyyəti ilə qazon dəyişikliyinə erkən başlamaq planı var.

 

Bu suala cavab verərkən Quliyev deyib: “Sumqayıtda infrastrukturu inkişaf etdirmək istəyiriksə, 1-2 illik yox, böyük bir gələcək üçün nəzərdə tutmalıyıq. Bir mövsümdə bir neçə ev oyununu bu məsələlərə qurban vermək olmaz. Komanda yaxşıdırsa, hər yerdə oynamalıdı. Bir neçə oyunu Sumqayıtdan kənarda keçirməliyiksə, inanıram ki, sadiq azarkeşlərimiz gələcəklər. Bunun üçün şərait yaradarıq. Azarkeşin dəstəyi bizə çox vacib lazımdı. Amma bildiyiniz kimi, infrastruktur ondan da vacibdi. Hazırkı şəraitimizə baxın. "Qarabağ"ı kubokda məğlub edən komandanın cəmi bir meydançası var - o da süni örtüklü. Yaxşı olardı ki, infrastrukturla bağlı irəliləyişlər olsun. Sağ olsun AFFA, bu işdə bizə kömək edir.  Vəziyyətə baxarıq. Bunlar texniki də olsa, böyük məsələlərdi. İnanmaq istəyirik ki, bu məsələlərdən üzüağ çıxacağıq".

 

Kamran bəy düz deyir, amma 10 ildi “Sumqayıt”ı çapıb-talayan bu adamın yadına strateji məsələlərin indi düşməsi maraqlıdı. Bəs, ötən illər ərzində nə iş görülüb? Milliləşmə biznesinə başı qarışan, yerli futbolçuların yetişdirilməsində fiasko yaşayan klub rəhbərliyi indimi ayılıb? Komanda üzvləri, Sumqayıt azarkeşləri ən uğurlu mövsümün məntiqi yekununu gözlədiyi halda, əyləci basmağın, dolanbac yollara girməyin nə mənası var?

 

Stadionun ot örtüyünün dəyişilməsi vacibdi. Lakin bunu etmək üçün ən uğursuz vaxt seçilməməlidi. Bəlkə Quliyevin qulağına avrokuboklara getməyəcəkləri barədə nəsə deyilib?!

futbolinfo.az

 

 

0