[b]AÇ-2016: Hücumçu axtaran yığma[/b]
11.05.2016 - 15:36
[b]AÇ-2016: Hücumçu axtaran yığma[/b]

Fransada keçiriləcək Avropa çempionatının startına 30 gün qalıb. Apasport.az saytı qitənin ən nüfuzlu turnirinin iştirakçılarının təqdimatını C qrupunda yer alan Ukrayna ilə davam etdirir. 

 

Püşkatmada 2-ci səbətdə yer alan “sarı-göylər” qeyri-stabilliyi ilə seçilən komandalardandı. Mixail Fomenkonun yetirmələri qarşıdakı AÇ-2016-da da hər şeyə qadirdi. Onlar özləri üçün böyük uğur qazanıb, 1/4 finala da yüksələ bilər, qrupda biabırçılıq da yaşaya bilər. Tarixində ilk dəfə qitə çempionatına seçmə mərhələdən yüksələn Ukrayna yığması 4 il əvvəl yarışın ev sahiblərindən biri kimi “16-lıq”da yer almışdı.

 

Bu dəfə iştirakçıların sayının 24-ə çatdırılmasından yararlanan Fomenko və yetirmələri tarixində ilk dəfə pley-offda qalib gəldi. Hərçənd bunadək tilsimləmən raundda 5 dəfə uduzan ukraynalılar final mərhələsinin bir addımlığında dayanmağa az qala adət etmişdi.

 

Əfsanəvi Andrey Şevçenkonu da özünə köməkçi götürən baş məşqçinin sərəncamında Andrey Yarnolenko və Yevgeni Konoplyanka kimi istedadlar var. Lakin onlar yığmada, xüsusilə də seçmə oyunlarında müsbət keyfiyyətlərini tama göstərə bilmədilər. Konoplyankaya kollektiv oyun bacarığı çatmırsa, Yarmolenko sabit çıxış etmir. Lakin sonuncu Sloveniya ilə həlledici pley-off matçlarında sözünü deməyi bacardı.

 

Kiyevdə Slovakiyaya hakim ədalətsizliyi ilə uduzan Ukrayna millisi seçmə mərhələnin sonunadək 2-ci olan rəqibinə çata bilmədi. Hərçənd hakim irəli atılan qapıçı Andrey Pyatovun son dəqiqələrdəki təmiz qolunu hesaba alsaydı, vəziyyət fərqli ola bilərdi. Bu səhvin nəticəsində pley-offadək ağır yol qət edən sarı-göylərin baş məşqçisinin başının üstü də buludlardan azad olmurdu. Sloveniya üzərində qələbələrədək istefası gündəmdə olan Fomenkonun mümkün əvəzləyiciləri sırasında Azərbaycanda “Qəbələ”ni çalışdıran Roman Qriqorçukun da adı hallanırdı.

 

Fomenkonun komandasında sabitlik çatmasa da, bunu heyət barədə söyləmək olmaz. Ukrayna yığması Avropanın ən sabit heyətinə malik komandalarındandı. Seçmə mərhələ və pley-off boyu qapını qoruyan Pyatov millisinin “1 nömrəsi”di. Müdafiənin sağında Artyom Fedetski, solunda Vyaçeslav Şevçukun yeri şühbə doğurmur. İki mərkəz müdafiəçisi mövqeyində isə 3 futbolçu çıxış edir. Yaroslav Rakitski və Yevgeni Xaçeridi daha təcrübəli Aleksandr Kuçerlə müqayisədə daha çox şans qazanır.

 

Dayaq yarımmüdafiəçisi mövqeyində rəqabət böyükdü. Təcrübəli Taras Stepanenkoya daha çox etimad göstərilsə də, Sergey Rıbalka, Denis Qarmaş, Sergey Sidorçuk onu layiqincə əvəzləmək gücündədilər. Onlardan biri mərkəz yarımmüdafiəçisi kimi Ruslan Rotanla yanaşı da çıxış edir. Sonuncu əksər hallarda komandanın kapitanı funksiyasını da yerinə yetirir. Yığmanın əsas kapitanı Andrey Timoşuk isə daha çox “23-lük”də yer alıb, nüfuzu ilə komandaya təsir etməyə çalışır. Daha bir veteran Edmarın da Fransaya aparılacağı gözlənilir. Yarımmüdafiənin cinahları isə Yarmolenko ilə Konoplyankanın ixtiyarına verilir.

 

Fomenkonu ən çox narahat edən hücum xəttidi. Seçmə mərhələdə 3 qol vuran Artyom Kravets klubunda da oyun praktikası sarıdan korluq çəkir. O, ümumiyyətlə də yığmanın əsas qol ümidi sayıla biləcək hücumçu deyil. Lakin Yevgeni Seleznyov və Roman Zozulya da bu mövqedə lider ola biləcək oyunçular sayılmır.

 

“Sarı-göylər”in bu il keçirdiyi yoxlama matçlarında da hücumdakı problemlər özünü göstərib. Ukrayna millisi iki qələbə qazandığı görüşlərin taleyini 1 qolla həll edib. Həm Kipr, həm Uelslə qarşılaşmalarda 1:0 hesablı qələbə qazanan yığmada yarımmüdafiəçilər fərqlənib. Uelslə görüşdə Yarmolenko, Kiprlə matçda Stepanenko qol vurub.

 

FİFA reytinqində: 22-ci yer

Ləqəbi: Sarı-göylər

İlk oyun: Macarıstan – 1:3 (1992)

Ən böyükhesablı qələbə: San-Marino – 9:0 (2013)

Ən böyükhesablı məğlubiyyət: Xorvatiya - 0:4 (1995), İspaniya – 0:4 (2006), Çexiya – 0:4 (2011)

Titulları: yoxdu

Ən çox oyun: Anatoli Timoşuk (142)

Ən çox qol: Andrey Şevçenko (48)

Final mərhələsinə yolu:

Pley-offda qələbə

Sloveniya – 2:0, 1:1*

C qrupunda III yer: 6 qələbə, 1 heç-heçə, 3 məğlubiyyət, top fərqi 14-4, 19 xal

İspaniya - 0:1, 0:1 

Slovakiya – 0:1, 0:0

Belarus – 3:1, 2:0

Lüksemburq – 3:0, 3:0

Makedoniya – 1:0, 2:0

* - əvvəl ev, sonra səfər oyunu

Əvvəlki Avropa çempionatlarında:

1960 – SSRİ-nin tərkibində çıxış edib

1964 – SSRİ-nin tərkibində çıxış edib

1968 – SSRİ-nin tərkibində çıxış edib

1972 – SSRİ-nin tərkibində çıxış edib

1976 – SSRİ-nin tərkibində çıxış edib

1980 – SSRİ-nin tərkibində çıxış edib

1984 – SSRİ-nin tərkibində çıxış edib

1988 – SSRİ-nin tərkibində çıxış edib

1992 – MDB-nin tərkibində çıxış edib

1996 – final mərhələsinə yüksələ bilməyib

2000 – final mərhələsinə yüksələ bilməyib

2004 – final mərhələsinə yüksələ bilməyib

2008 – final mərhələsinə yüksələ bilməyib

2012 – qrup mərhələsi

Baş məşqçi: Mixail Fomenko

Kapitan: Anatoli Timoşuk

AVRO-2016-da oyunları:

12 iyun. 23:00. Almaniya – Ukrayna

16 iyun. 20:00. Ukrayna – Şimali İrlandiya

21 iyun. 20:00. Ukrayna – Polşa

 

 

0