[b]"Getməyə can atmıram" - Emin Mahmudov[/b]
25.11.2017 - 23:57
[b]"Getməyə can atmıram" - Emin Mahmudov[/b]

“Keşlə” ilə bu gün baş tutan oyundan sonra “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb

 

- Bugünkü qələbədə əsas pay sahibi kim və ya nədi?

- Çox istəkli idik. Çünki son 2 turda məğlub olmuşduq. Təbii ki, uğurun da tərəfində olması vacibdi. Məsələn, “Qəbələ” ilə oyunda bəxt tərəfimizdə deyildi. Halbuki onda da xeyli qol imkanımız oldu, amma yararlana bilmədik. Bu dəfə isə istifadə edə bildik. Daha çox qol vurmaq olardı.

 

- Rəqib fərqi minimuma endirən zaman qələbənin əldən gedəcəyi qorxusu var idimi?

- İki ardıcıl qoldan sonra bir qədər arxayınlaşdıq. Rəqib isə bundan istifadə etdi. Halbuki biz hesabdakı üstünlüyümüzdən istifadə edib, onları təzyiqdə saxlamalıydıq. Belə məqamlarda diqqətli olmaq lazımdı. Çünki qələbəni əldən versəydik, heç kim yaxşı oynadığımızı deməyəcəkdi.

 

- Əvvəlki formanızı bərpa edə bilmisizmi?

- Fiziki durumum normaldı. Çoxdandı oynamadığıma görə, yükləmələr gedir. Bərpa olmaq üçün bu, vacibdi. Özümü yaxşı hiss etdiyimi deyə bilərəm.

 

- 8 komandalı çempionat necə, maraqlıdımı?

- Hər dəfə eyni rəqiblə qarşılaşırıq. Bizim işimiz həmin oyunlarda yaxşı nəticə qazanmaqdı. Xüsusilə, region komandalarının çox olmasını istərdim. Çünki bölgələrdə stadiona daha çox azarkeş toplaşacaq. Nə edək, indi nə varsa, onunla kifayətlənirik. Gələcəkdə bunun qaydasına düşəcəyinə inanıram. Bölgə təmsilçiləri çox olsa, futbolumuz da inkişaf edəcək.

 

- Rusiyadan çağırış varmı?

- Bu gün “Neftçi”də mütəmadi oynayıram və bunu davam etdirmək istəyirəm. Harasa getməyə çalışmıram, can atmıram. Tez-tez klub dəyişməkdən yorulmuşam.

 

- Qurban Qurbanovun milliyə təyinatından sonra onun gözünün qabağında oynamaq daha yaxşıdı...

- Bu haqda danışmağın mənası yoxdu. İndi millinin oyunu yoxdu. Ona görə də, belə suallar haqda düşünmək istəmirəm.

 

- Ancaq yanvarda ilk toplanış olacaq...

- İndi “Neftçi”ni yüksəltmək haqda düşünürəm. Biz yaxşı oynasaq, formada olsaq, baş məşqçi də dəvət göndərəcək. Ona görə əsas diqqətimi “Neftçi”nin uğur qazanmasına yönəldirəm. Yığma haqda düşünmək tezdi. Hər şeyin öz vaxtı var. 

0