Çempionlar Liqasının 1/4 final mərhələsinin “Atletiko” ilə cavab oyununa çıxacaq “Real” qarşılaşma öncəsi ciddi itkilərə məruz qalıb. Apasport. az saytı xəbər verir ki, problemlər əsasən hücum xətti ilə bağlıdı.
Belə ki, zədələrdən əziyyət çəkən Qaret Beyl və Kərim Benzema komandasına kömək edə bilməyəcək. Bundan başqa, müalicəsini yenicə bitirmiş Luka Modriç yenidən zədə keçirib. Üstəlik, diskvalifikasiyalı Marselo da matça çıxmayacaq.
Çox güman ki, irəlidə fransalı Benzemanı meksikalı Xavier Hernandez əvəzləyəcək. Baş məşqçi Karlo Ançelotti İspaniya çempionatının “Malaqa” ilə son matçında “Çikarito”ya şans tanımışdı.
Dünyanın ən bahalı transferi sayılan Beylin ampluasında isə İskonun olacağı inandırıcı görünür. İspaniya yığmasına da dəvət alan futbolçu son zamanlar baxımlı oyunu ilə göz oxşayır. Amma o, Modriçin yerinə çıxa bilər. Marselonun yerini isə isə Fabio Koentraonun tutacağı proqnozlaşdırılır.
Həmçinin, ehtiyat skamyasında daha çox vaxt keçirən Xese Rodriqez, İllyarmendi, Kedira da komanda yoldaşlarının yerini tuta bilər.
Mənbə: UEFA