Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. İclasda 2018-2019-cu il mövsümündə UEFA-nın klub turnirlərində və Premyer Liqada iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
Apasport.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, I divizionda mübarizə aparan klublardan yalnız "Sabah"ın müraciəti qəbul olunub. Beləliklə, sözügedən klubun növbəti mövsümdən etibarən Premyer Liqada çıxış edəcəyi dəqiqləşib.
AFFA-nın Lisenziya Komissiyası UEFA-nın klub yarışlarında iştirak etmək üçün "Qarabağ", "Qəbələ", "Neftçi", "Sumqayıt" və "Zirə"nin müraciətlərini müsbət dəyərləndirib, "Kəpəz" isə lisenziyalaşma prosesini keçə bilməyib.
Beləliklə, Lisenziya Komissiyasının klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2017) 8-ci maddəsinə əsaslanmış müzakirələrindən sonra qərara alınıb:
1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: "Qarabağ", "Qəbələ", "Neftci", “Sumqayıt”, “Zirə”;
2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı kluba lisenziya verilməsin: “Kəpəz”;
3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Keşlə”, “Kəpəz”, “Sabah”, “Səbail”;
4. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin: “Binə” , “Xəzər”, “Mil-Muğan”, MOİK, “Turan Tovuz”, “Qaradağ-Lökbatan”, "Şüvəlan", “Zaqatala”.
“Keşlə”yə UEFA bayrağı altında keçirilən turnirlərdə iştirak üçün lisenziya verilib-verilməməsi ilə bağlı qərar yaxın günlərdə qəbul olunacaq.
Qeyd edək ki, lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti ilə müraciət edə bilər.