[b]AÇ-2016: Bir ulduzdan asılı debütant[/b]
05.05.2016 - 17:05
[b]AÇ-2016: Bir ulduzdan asılı debütant[/b]

Fransada keçiriləcək Avropa çempionatının startına 36 gün qalıb. Apasport.az saytı qitənin ən nüfuzlu turnirinin iştirakçılarının təqdimatını B qrupunun sonuncusu ilə davam etdirir. 

 

Püşkatmada 4-cü səbətdə yer alan Uels millisi də qrupdakı rəqibi Slovakiya kimi tarixində ilk dəfə bu turnirdə oynamaq hüququ qazanıb. Düzdü, britanıyalılar uzaq 1958-ci ildə dünya çempionatının final mərhələsində çıxış edib. Lakin qitənin ən nüfuzlu turnirində uelslilərə yer tapılmayıb. Ümumiyyətlə son 56 ildə böyük turnirlərə həsrət qalan Uels yığmasının bir neçə nəsil futbolçusu bu yarışlara həsrət qalıb.

 

“Əjdahalar” iştirakçıların sayının 24-ə qaldırılması sayəsində AÇ-də debüt etmək imkanı qazanıb. Rayan Giqqz, Nevil Sauthol, Yan Raş kimi ulduzlarla buna nail olmayan komanda Qaret Beylin liderliyi ilə Fransaya vəsiqə əldə edib. Uelsi AÇ-2016-nın bir oyunçudan ən çox asılı olan komandası da hesab etmək mümkündü. Çünki bu yığma az qala bütünlüklə Beyldən asılıdı.

 

DÇ-2014-ün seçmə mərhələsindəki kimi yenə Belçika ilə eyni qrupa düşən britaniyalılar qitənin ən istedadlı komandası sayılan rəqibindən 4 xal almağı bacardı. Etibarlı müdafiəsi ilə diqqət çəkən Beyl və yoldaşları yeganə məğlubiyyətini Fransaya vəsiqəni təmin etdiksən sonra aldı.

 

Sərəncamında yüksək səviyyəli müdafiəçilər olduğundan baş məşqçi Kris Koulmen də daha çox arxa xəttə üstünlük verir. Bu üzdən yığma 5 müdafiəçili sxemə güvənir. Aaron Remsinin dəqiq ötürmələri və Beylin sürəti isə əks-hücumlar üçün yaxşı imkan yaradır. Remsi zədə üzündən seçmə mərhələdə çox oynamasa da, Fransa meydanlarında ona ümid böyükdü.

 

Koulmen qapını Ueyn Hennessiyə etibar edib. Southolldan sonra çərçivədə yaranan boşluğu aradan qaldıran qolkiper İngiltərə çempionatında da özünü yaxşı tərəfdən göstərir.

 

Yığmanın kapitanı Eşli Uilyams müdafiə xəttinin lideridi. O, mərkəzdə Ceyms Çester və Ben Devislə yanaşı çıxış edir. Lakin təcrübəli Ceyms Kollinzin də AÇ-də meydana çıxması gözləniləndi. Devis solda da oynamağı bacarır ki, bu mövqeyə Nil Teylor da iddia edir. Oyunların gedişində 5-4-1-dən 3-3-3-1-ə çevrilməyi bacaran “Əjdahalar” bunu etdikdə Teylor sol yarımmüdafiəçisi kimi mübarizə aparır. Müdafiənin digər cinahında Kris Qanter möhkəmlənib.

 

Yarımmüdafiəçini millinin üç nəhəngi çiyinlərində daşıyır. Remsi ilə yanaşı çıxış edən Co Ledli və Co Allene eyni üslubda oynayan yarımmüdafiəçilərdi. Daha təcrübəli olan Remsinin yoxluğunda onu Endi Kinq də əvəzləyə bilir.

 

Beyl isə millidə hər hansı xüsusi tapşırıqdan azaddı. O, sırf məhsuldarlığa cavabdehdi. Seçmə mərhələdə komandasının 11 qolundan 7-ni özü vurub, 2-nin ötürməsini verən yarımmüdafiəçi yığmasının aşkar lideridi. Ön xətdə ona əsasən Hal Robson-Kanu kömək edir. Lakin Saymon Çörç, Sem Vouks da bu mövqedə çıxış edə bilir.

 

Seçmə mərhələdən sonra qələbə qazana bilməyən Uels millisi ötən ili Hollandiyaya məğlubiyyətlə başa vurub – 2:3. Bu ilin martında Şimali İrlandiya ilə heç-heçə (1:1) edən Koulmenin yetirmələri Ukrayna ilə matçdan məğlub ayrılıblar – 0:1.

 

FİFA reytinqində: 24-cü yer

Ləqəbi: Əjdahalar

İlk oyun: Şotlandiya – 0:4 (1876)

Ən böyükhesablı qələbə: İrlandiya – 11:0 (1888)

Ən böyükhesablı məğlubiyyət: Şotlandiya – 0:9 (1878)

Titulları: yoxdu

Ən çox oyun: Nevil Sautholl (92)

Ən çox qol: Yan Raş (28)

Final mərhələsinə yolu: B qrupunda II yer: 6 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət, top fərqi 11-4, 21 xal

Belçika - 1:0, 0:0* 

Bosniya və Herseqovina – 0:0, 0:2

İsrail – 0:0, 3:0

Kipr – 2:1, 1:0

Andorra – 2:0, 2:1

* - əvvəl ev, sonra səfər oyunu

Əvvəlki Avropa çempionatlarında:

1960 – iştirak etməyib

1964 – final mərhələsinə yüksələ bilməyib

1968 – final mərhələsinə yüksələ bilməyib

1972 – final mərhələsinə yüksələ bilməyib

1976 – final mərhələsinə yüksələ bilməyib

1980 – final mərhələsinə yüksələ bilməyib

1984 – final mərhələsinə yüksələ bilməyib

1988 – final mərhələsinə yüksələ bilməyib

1992 – final mərhələsinə yüksələ bilməyib

1996 – final mərhələsinə yüksələ bilməyib

2000 – final mərhələsinə yüksələ bilməyib

2004 – final mərhələsinə yüksələ bilməyib

2008 – final mərhələsinə yüksələ bilməyib

2012 – final mərhələsinə yüksələ bilməyib

Baş məşqçi: Kris Koulmen

Kapitan: Eşli Uilyams

AVRO-2016-da oyunları:

11 iyun. 20:00. Uels – Slovakiya

16 iyun. 17:00. İngiltərə - Uels

20 iyun. 23:00. Rusiya – Uels