“Ötən ilin sonlarında FİFA-dan bizə məktub daxil olub və Veldin Muharremoviçlə bağlı qərar orda göstərilib”. Bunu apasport.az saytına AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu deyib.
2011-ci ilin yayında “Xəzər Lənkəran”a gələn Veldin Muharremoviç tezliklə yola salındığından FİFA-ya şikayət etmişdi. FİFA isə məsələ ilə bağlı son qərarını 2014-cü ilin sonlarında verib. Futbolçu “Kluba qış və yay ayları üçün transfer qadağası qoyulub” desə də, klub bu məlumatı təkzib edib.
Mikayıl Nərimanoğlu isə həmin məktubda yazılanlardan xəbərsiz olduqlarını deyib: “Həmin vaxt həm bizə, həm də kluba məktub daxil olmuşdu. Bizə gələn məktubu da “Xəzər Lənkəran”a göndərmişdik. Orda nələrin yazıldığını bilmirik. Bununla bağlı FİFA-dan və klubdan dolğun məlumat ala bilərsiniz. Biz yalnız FİFA-nın rəsmi saytında yazılarsa və ya klubun xalı silinərsə, bunu açıqlaya bilərik”.