“Berti Foqtsun istefa verməsini ilk dəfə sizdən eşitdim. İtaliya və Xorvatiyaya məğlubiyyətlərdən sonra ən çox yayılan xəbərlərdən biri Foqtsun istefası ilə bağlı idi. Bu baxımdan onun istefa xəbəri gözlənilməz olmadı”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov deyib.
Foqtsun köməkçilərindən biri olan Qurbanov millimizin seçmə mərhələdə Xorvatiyaya 0:6 hesablı darmadağınından sonra AFFA prezidenti ilə görüşmədiklərini bildirib: “Ümumiyyətlə, oyundan sonra millinin bütün məşqçilər heyəti Rövnəq müəllimlə görüşməyib. Çünki almaniyalı məşqçilərin Xorvatiyadan Almaniyaya təyyarə ilə uçmaq vaxtı idi. Onlar da birbaşa “Osiyek” otelindən vətənlərinə yollandılar”.
“Milliyə yeni baş məşqçi təyin olunacağı halda, komandadakı işinizi davam etdirəcəksinizmi” sualına isə Qurbanov belə cavab verdi: “Hər şey mənim istəyimdən asılı olmayacaq. AFFA və təbii ki, yeni baş məşqçi istəsə, əlbəttə, millidəki işimi davam etdirmək istəyərdim”.
Səbuhi TOFİQOĞLU