“Kəpəz”in yüksək dəstəyə qayıtması lazım idi. Çünki Gəncə futbol yeridi. Orda həmişə futbol olub, bundan sonra da olmalıdı”. Bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.
Azərbaycanın tarixi klublarından olan “Kəpəz”in Premyer Liqaya qayıdışına sevinən Mircavadov Gəncədə infrastruktur işlərinin aparılmalı olduğunu qeyd edib: “Əsas infrastrukturdu. Stadion, baza olsa, Gəncədən çoxlu futbolçu çıxacaq. Bu yaxınlarda Vaqif Sadıqov ora getmişdi. Gəlib dedi ki, Gəncədə yenə yaxşı, istedadlı uşaqlar var. Onları öyrətmək, oynatmaq lazımdı. Futbol bölgələrimiz var ki, onlarda komandalar mütləq olmalıdı. Bu, futbolun inkişafına müsbət təsir göstərir. Gəncədən yeni Mahmudlar, Vidadilər çıxacaq. Mən buna əminəm. Çünki iş olan yerdə nəticə də olur”.
Təcrübəli mütəxəssis “Kəpəz”in ev oyunlarını müvəqqəti olaraq “Dalğa Arena”da keçirəcəyinə də toxunub: “Düzdü, müvəqqəti olaraq Bakıda oynayacaqlar. Ancaq buna məcburdular. Çünki Gəncə stadionunda təmir işləri aparılacaq. Gəncədə olan imkanlı insanlar, gəncəlilər “Kəpəz”ə kömək etməlidilər. Eyni zamanda, Tovuz və Şəmkirdə də futbol olmalıdı. Komandaların yaşaması üçün isə sponsorlar lazımdı. Sponsorsuzluğa görə Gəncə neçə il əziyyət çəkdi, orda futbol olmadı. Hamı yığışıb bura, Bakıya, belə olmaz. Komandaların çoxu bölgələri təmsil etməlidilər”.
Mircavadov ölkə çempionatının səviyyəsinin aşağı düşməsi fikrinə də münasibət bildirib: “Biz istəyirik ki, yüksək liqa ilə birinci divizion arasında fərq az olsun. Klubların bazaları olmalıdı. Çempionatın səviyyəsi aşağı düşə bilər. Məlum şeydi. Görün, neçə komandanın iddiası azaldı. “Bakı”dan sonra “İnter” və “Simurq”un taleyinin necə olacağı bilinmir. Ancaq nə olur-olsun, Premyer Liqa I Diviziondan fərqlənir. I Divizionda istədiyimiz oyunu ala bilmirik. Orda daha çox iş görülməlidi”.
Tengiz MƏMMƏDOV