[b]Albaniya Kubokunun ikiqat qalibi, 55 yaşlı “Laçi”[/b]
22.06.2015 - 18:06
[b]Albaniya Kubokunun ikiqat qalibi, 55 yaşlı “Laçi”[/b]

Bakı “İnter”i Avropa Liqasının I təsnifat mərhələsində Albaniya təmsilçisi “Laçi” ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, Laçi şəhərinin eyniadlı komandasının əsası 1960-cı ildə qoyulub.

 

“Bankirlər”in 55 yaşlı rəqibi bu vaxta qədər 2 dəfə (2012-13, 2014-15) Albaniya Kubokunun sahibi olub. “Ağ-qaralı” formanı geyinən “Laçi” 2005-ci ildə Superliqanı tərk edib. Komanda bir də 4 ildən sonra, yəni 2009-cu ildə yüksək dəstəyə qayıdıb.

 

“Laçi” ilk dəfə avrokuboklarda 2010-11 mövsümündə çıxış edib. Birinci cəhddə Belarus “Dnepr”i ilə qarşılaşan albanlar iki oyunun nəticəsinə görə 2:8 hesabı ilə uduzublar.

 

Ötən mövsüm isə ilk mərhələdə Sloveniya “Rudar”ını mübarizədən kənarlaşdıran “Laçi” daha sonra Ukrayna təmsilçisi “Zarya” ilə üz-üzə gəlib. Hər iki görüşdə məğlub olan (0:3, 1:2) “Laçi” bu dəfə özü mübarizəni dayandırmalı olub.

 

Klubun prezidenti Paşk Laska, baş məşqçisi isə Armando Kunqudu. Yerli mütəxəssis olan Kunqu 2014-cü ildən “Laçi”ni çalışdırır.

 

Komandanın əsasını yerli futbolçular təşkil edir. Nigeriyalı Sequn Adeniyi və kosovolu Arqyend Mustafadan başqa heyətin bütün üzvləri albandılar.

 

“İnter”in rəqibi ev oyunlarını 4 min 500 nəfərlik “Laçi” stadionunda keçirir.