“Millinin heyətində Kot-d’İvuar yığmasına qarşı keçirilən oyunda zədələndiyim üçün meydanı yarımçıq tərk etdim”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın syerre-leoneli yarımmüdafiəçisi Alfred Sanko deyib.
Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kot-d’İvar millisinə qarşı oyunda zədələnən Sanko bildirib ki, meydana nə vaxt qayıdacağı dəqiq deyil: “Zədəm elə də ciddi deyil. Amma dəqiq nə vaxt sağalacağımı deyə bilmərəm. 2 gündən sonra Azərbaycana qayıdıb, “Xəzər Lənkəran”a qoşulacağam”.
25 yaşlı futbolçu “Xəzər Lənkəran”ın Topaz Premyer Liqasının V turunda “Neftçi”yə qarşı oyunda meydana çıxıb-çıxmayacağına müayinələrdən sonra aydınlıq gələcəyini söyləyib: “Azərbaycan çempionatının növbəti turunda “Neftçi”yə qarşı oyunumuz var. Bu matçın komandamız və azarkeşlər üçün nə qədər vacib olduğunu bilirəm. Derbi oyunu olacaq. Mən də bu qarşılaşmada meydanda olmağa çalışacam. Hətta “Neftçi”yə qol da vurmaq istəyirəm. Təbii ki, bunların hamısının olması üçün zədəmi sağaltmağım lazımdır”.