“Ölkəmizdə Ebola virusunun yayılması doğrudu. Bu səbəbdən də ev oyunlarımızı başqa ölkələrdə keçiririk”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın syerre-leoneli yarımmüdafiəçisi Alfred Sanko deyib.
Syerre-Leone yığmasının Ebola virusuna görə Afrika Millətlər Kubokunda oynamaqdan imtina etməsinə münasibət bildirən Sankonun fikrincə, yayılan xəbərlər yalandı.
“Afrika Millətlər Kubokunda əvvəlki oyunlarımızı neytral meydanda keçirmişik. Yəni, Kot d’İvuar millisi ilə 2 görüşümüz varsa, ikisini də həmin ölkədə oynayırıq. Buna məcburuq. Çünki ölkəmizdə Ebola virusu qarşısıalınmaz bəlaya çevrilib” – deyə, Sanko bildirib.
Futbolçu vurğulayıb ki, komandası qarşıdakı turlarda meydana çıxacaq: “Yarışdan imtina heç vaxt ola bilməz. Qarşıda iki matçımız var və hər iki oyunda komandamız meydana çıxacaq. Mənim yığmaya qoşulmamağıma gəlincə, zədə səbəbindən ölkəmə getməmişəm”.