“Kəpəz”in Avropa Liqasının I təsnifat mərhələsində keçirəcəyi cavab oyunu Azərbaycan futbolu üçün tanış hakimə tapşırılıb. Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisinin Moldovada “Daçiya” ilə keçirəcəyi qarşılaşmanın baş hakimi Laşa Silaqava əvvəllər də komandalarımızın görüşlərində fit çalıb.
Onun sonuncu belə matçı ötən il keçirilib. O, ötən il noyabrın 17-də yığmamızın Moldova ilə Bakıda baş tutan yoxlama oyununda ədaləti qoruyub. Maraqlıdı ki, Silaqava yenə bu iki ölkə təmsilçini meydana çıxaracaq.
7 ay öncə millimizin 2:1 hesabı ilə qalib gəldiyi görüşdə gürcüstanlı yığmamıza 1, qonaqlara 5 sarı vərəqə vermişdi. Həmin görüşdə həm “Kəpəz”, həm də “Daçiya”nın üzvləri meydana çıxıb. Lakin artıq Rəşad Eyyubovla Tərlan Quliyev artıq Gəncə klubundan ayrılıb. Matçın sonlarında meydana daxil olub, sarı vərəqə alan Yevgeni Koçiş isə indi də “Daçiya”da çıxış edir.
Bu, 40 yaşlı FİFA referisinin ilk Bakı səfəri olmayıb. Belə ki, 2005-ci ildən bu statusu daşıyan ədalət təmsilçisi 2008-ci ilin noyabrında da ölkəmizə gəlib. Onun həmin səfəri qalmaqalla müşayiət olunub.
Məsələ ondadı ki, yığmamızın Albaniya ilə yoldaşlıq oyunu zamanı qonaqlar fasilədən sonra meydana çıxmaq istəməyib. İndi “Qarabağ”da oynayan Ansi Aqolli və komanda yoldaşları küsərək, qarşılaşmanı davam etdirmək istəməsə də, sonda meydana çıxıblar. Həmin görüş 1:1 hesabı ilə nəticələnib.
Bundan başqa, Gürcüstan təmsilçisi klublarımızın iştirak etdiyi Birlik kubokunda da iştirak edib. O, 2008-ci ildə yarışın qalibi olan “Xəzər Lənkəran”ın “Kaunas”la matçını da idarə edib. Həmin görüşdə təmsilçimiz 3:0 hesabı ilə qalib gəlib. Referi cənublulara 3 sarı, rəqibinə 2 sarı və 1 qırmızı vərəqə göstərib.
Qeyd edək ki, Silaqava UEFA-nın hakimlər üçün 3-cü kateqoriyasına daxildi.