[b]Arda qalmaqal yaratdı: Sənin kimi şərəfsizi...[/b]
06.06.2017 - 10:42
[b]Arda qalmaqal yaratdı: Sənin kimi şərəfsizi...[/b]

Türkiyə yığmasının kapitanı Arda Turan növbəti dəfə qalmaqalla gündəmə gəlib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “Barselona”nın yarımmüdafiəçisi bu dəfə də millinin düşərgəsində xoşagəlməz hərəkətə əl atıb.

 

Belə ki, Makedoniya ilə keçirilən yoldaşlıq görüşündən (0:0) sonra təyyarədə komanda ilə birlikdə olan jurnalist Bilal Meşeyə hücum çəkən 30 yaşlı futbolçu onu döyməyə cəhd edib. Jurnalistlərin və futbolçuların müdaxiləsindən sonra Meşeni çətinliklə də olsa, kapitanın əlindən almaq mümkün olub.

 

Buna baxmayaraq, hirsi soyumayan futbolçu qəzet işçisini təhqiramiz ifadələrə “qonaq edib”. Ardanın jurnalist barədə dediyi sözlər mətbuata sızıb. Məlum olub ki, futbolçu Bilal Meşenin AÇ-2016-dan əvvəl mükafat istəmələri ilə bağlı yazdığı xəbərə etirazını bildirib. O, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən və baş məşqçi Fatih Terimə də söz atmaqdan çəkinməyib.

 

İddiaya görə, ulduz futbolçu jurnalistə bu sözləri deyib: “Bilal Meşe, indi cavab ver, mükafat məsələsini yazanda yanımızda idin? Kimdən pul dilənmişik? Danış indi. Onlar da burdadı. Sənə bu xəbərləri kim yazdırdı? Bu ölkə belədi. Səni təyyarədə gəzdirərlər. Səni bu təyyarəyə alanlara da deyirəm, eşitsinlər. Sənin kimi şərəfsizləri bura gətirənin ... Karyeramı bitirərəm, amma ailəmə, şərəfimə söz deyilməsinə imkan vermərəm. Müdirin Dəmirörəndi. Federasiya prezidentinin qəzetində çalışırsan”.

 

Bu sözləri dedikdən sonra arxa tərəfə doğru gedən oyunçu bütün mətbuatı hədəfə alan təhqiramiz ifadələr də işlədib. Maraqlıdı ki, baş verənləri yığmanın baş məşqçisi Fatih Terim sakitcə seyr edib.

 

Daha sonra instaqram hesabı vasitəsilə açıqlama yayan Arda Turan baş verənləri təsdiqləyib. Hərəkətindən peşman olmadığını bildirən oyunçu ailəsinə və şərəfinə söz uzadanların cəzasız qalmayacağını deyib.