“Rauf nə deyibsə, özü bilər. Mən hər bir futbolçunun fikrinə hörmətlə yanaşıram. Amma Raufun “Neftçi”yə gətirilməsini mən istəməsəydim, o, komandada olmazdı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.
“Neftçi”dən uzaqlaşdırılan Rauf Əliyev dünən saytımıza müsahibəsində Arif Əsədovu ittiham edərək, komandadan kənarlaşdırılmasında onun əsas pay sahibi olduğunu bildirmişdi.
Bu ittihama cavab verən Əsədov isə uzun danışmaq istəməyib: “Hər futbolçunun müsahibəsinə münasibət bildirmək fikrim yoxdu. Rauf “Neftçi”də az oynadığına görə məni günahlandırıb? Statistika var. Rauf özü də bilir ki, bir ara xəstə oldu, buna görə oynamadı. Bir də ki, “Neftçi”də iki hücumçu var idi və mən hər birinə şans verirdim. Bu rəqabətdə kim güclü idisə, o da qalib gəlirdi. Nə Kanales qohumumdu, nə də Rauf. Hər ikisinə eyni gözlə baxmışam. Statistika hər şeyi deyir. Baxın, görün, Kanales neçə qol vurub, Rauf neçə? Raufun az oynaması sırf idman rəqabəti ilə bağlı idi, burda başqa nədənsə söhbət gedə bilməz”.
45 yaşlı məşqçi “Neftçi”də yerli və əcnəbi futbolçular arasında fərq qoyulmadığını qeyd edib: “Neftçi”də əcnəbilərin daha çox sevildiyini düşünənlər səhv edirlər. Bu, yanlış fikirdi. Biz həm yerliləri, həm də əcnəbiləri cəzalandırmışıq. İntizam məsələsində hər ikisinə eyni cür yanaşmışıq. Düzdü, transferə çıxarılan hər 3 futbolçu yerli oyunçu idi. Bəzi səbəblər olub, dərinə getmirik. Nə qərar vermişiksə, hamısını balanslaşdırılmış və obyektiv şəkildə vermişik”.
Əsədov komandadan göndəriləcəyi deyilən Araz Abdullayevlə isə əməkdaşlığı davam etdirəcəklərini bildirib: “Neftçi” ətrafında bu cür söz-söhbətlər çoxalıb. İstəyirlər ki, komandada mənfi aura yaratsınlar. Araz keçən oyuna kapitan sarğısında çıxmışdı. Bizim ona inamımız var. Arazdan çox şey gözləyirik. Onun komandadan göndərilməsindən söhbət gedə bilməz”.
Tengiz MƏMMƏDOV