“Bizim futbolçuların milliyə niyə çağırılmadığının səbəbini bilmirəm. Bu suala ən yaxşı cavabı Robert Prosineçkinin özü verə bilər. Səbəbini onun özündən soruşsanız, yaxşıdı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.
Millinin martın 28-də Malta ilə keçiriləcək oyun üçün açıqlanan heyətində “Neftçi”nin heç bir futbolçusu yer almayıb. Əsədovun fikrincə, əsas yığmaya olmasa belə, “Neftçi”nin 5 futbolçusu U-21-ə, 2 üzvü isə U-19-a dəvət alıb: “Yəqin “Neftçi”nin milli üzvləri stabil oyun göstərmədikləri üçün əsas yığmadan kənarda qalıblar. Amma inanıram ki, istər Elvin Yunuszadə, istər Araz Abdullayev, istərsə də Rauf Əliyev olsun, hər biri təcrübəsinin hesabına milliyə xeyir verə bilərlər. Prosineçkinin fikri belədi və mən onun qərarına hörmətlə yanaşıram. Lakin mənim fikrimcə, Elvin, Araz və Rauf yığmada oynamağa layiqdi”.
Qeyd edək ki, Prosineçki millimizin baş məşqçisi kimi ötən ay keçirdiyi ilk toplanışda “Neftçi”nin futbolçularını məcburiyyətdən yığmaya çağıra bilməmişdi. Onun bu dəfə “ağ-qaralar”ın üzvlərinə hansı səbəbdən dəvət göndərmədiyi qaranlıq qalır.