“Real”ın yarımmüdafiəçisi Marko Asensionun Çempionlar Liqasının yarımfinal mərhələsində “Bavariya” ilə matçda qələbə qolunu vurması Rusiya mətbuatının diqqətini çəkib. Apasport.az saytının “sport-express” nəşrinə istinadən məlumatına görə, həmkarlarımız Asensionun rusiyalı həmyaşıdları barədə maraqlı araşdırma aparıblar.
2015-ci ildə 19 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının final matçında Rusiya məhz İspaniyaya (0:2) uduzub ki, Asensio da həmin qarşılaşmanın iştirakçısı olub. Şimal qonşularımız adıçəkilən görüşün iştirakçılarının hazırda hansı durumda olmalarını araşdırıb.
İspaniya ilə oyunu 90 dəqiqə əvəz edilmədən keçirənlərdən biri də Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev olub. Həmkarlarımız onun 2016-cı ildə Azərbaycan yığmasını seçdiyini, 10 matçda 1 qol vurduğunu və hazırda “Qarabağ”ın formasını geyindiyini xatırladıblar.
Daha sonra Rusiyanın gənclər millisinin baş məşqçisi Dmitri Xomuxadan müsahibə alaraq, 2015-ci ildəki heyət üzvlərinin çıxışı barədə onun fikrini soruşublar. Çalışdırıcı Ramil Şeydayevin adını xüsusi vurğulayıb.
Müsahibənin Şeydayevlə bağlı hissəsini təqdim edirik.
- 2015-ci ildəki heyətdən hansı futbolçu indi daha yüksək səviyyədə ola bilərdi?
- Fikrimcə, Ramil Şeydayev.
- Ancaq o, vətəndaşlığını dəyişdi və Azərbaycana getdi...
- Bu, Rusiya futbolu üçün böyük itkidi. Bu oğlan gələcəkdə böyük uğurlar qazana, ölkəmiz üçün yüksək səviyyədə çıxış edə bilərdi.
- Əsas yığmanı nəzərdə tutursunuz?
- Bunun üçün onun hər cür imkanı var idi.
- Kimdi günahkar? Biz niyə onu itirdik?
- Hər kəs qərarını özü verir və öz taleyinin sahibidi. Şeydayev bu cür addım atdı. Ancaq mənim fikrimcə, qərar verməkdə tələsdi.