Azərbaycan millisi bu gün keçiriləcək yoxlama oyununda Qırğızıstanla qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Asiya təmsilçisi ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.
Sonradan üzv olduğu konfederasiyanı dəyişib, Asiyadan Avropaya “köçən” Qazaxıstanı saymasaq, “Sarı qitə” təmsilçiləri ilə 39 dəfə qarşılaşmışıq. Qırğızıstanla duel asiyalılarla yubiley – 40-cı sınaq olacaq.
Millimiz indiyədək bu qitə komandalarından üstündü. Hesabında 15 qələbə olan yığmamız 13 heç-heçə edib və 11 dəfə uduzub. Əvvəlki görüşlərdə 49 qol vuran futbolçularımız yubiley – 50-ci qolun astanasındadı. Asiyalılar isə 42 topa seviniblər.
Tarixi ərzində 45 Avropa və 4 Şimali Amerika yığması ilə görüşən millimiz Asiyanın 18 komandası ilə üz-üzə gəlib. Özbəkistanla daha çox – 10 duelə çıxan futbolçularımız İranla 4 dəfə qarşılaşıb. Qırğızıstanı da 4-cü dəfə sınağa çəkəcək millimiz qitənin 7 komandası ilə 2, digər 8-i ilə 1 dəfə münasibətlərini ayırd edib.