Azərbaycan yığmasının 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin H qrupundakı rəqiblərindən biri Bolqarıstan millisidir. Apasport.az saytı oxucuları üçün bu komandanın təqdimatını edir.
Bolqarıstan millisi ilk görüşünü 1924-cü ilin 21 mayında Vyanada keçirib və Avstriya tərəfindən darmadağın olunub – 0:6. Ancaq bu, bolqarların ən böyük hesablı yenilgisi deyil. Belə ki, onlar avstriyalılara yenilgidən düz 9 il sonra (maraqlıdır ki, bu matç da mayın 21-də olub – red.) Madriddə Franko İspaniyasına 0:13 hesabı ilə məğlub olub. Bolqarıstanın ən böyük hesablı qələbəsi isə Meksika Yay Olimpiya Oyunlarında qeydə alınıb. Onlar 1968-ci ildə Qananı 10:0 hesabı ilə darmadağın ediblər.
“Şirlər” dünya çempionatında 7, qitə birinciliyində isə 2 dəfə çıxış edib. Bu komandanın uğurları 1956-cı ildə Melburn Olimpiadasında bürünc, 1968-ci ildə Mexiko Olimpiadasında gümüş və 1994-cü ildə ABŞ-da keçirilən mundialda 4-cü yerlə ölçülür.
Bolqarıstan millisinə hazırda Lyuboslav Penev rəhbərlik edir. Bu həmin Penevdir ki, vaxtı ilə İspaniyada “Valensiya”, “Atletiko”, “Selta” kimi klubların hücumçusu olub. O, “Atletiko” ilə çempionluq və kubok, eləcə də “Valensiya” ilə La Liqanın gümüş medallarını qazanıb. 2011-ci ildən yığmaya rəhbərlik edir. Yeri gəlmişkən, o, zədəsinə görə 1994-cü ildəki mundialda komandasının tarix yazmasında iştirak edə bilməyib.
Bu komandanın aparıcı üzvlərinə gəldikdə isə komandanın liderinin Dimitar Berbatov olduğunu əminliklə demək olar. “Monako”nun hücumçusu vurduğu 48 qolla millisinin bombardiridir. 1984-cü ildə karyerasını bitirmiş Xristo Bonevlə eyni sayda qol vurub. Komandada ən çox oyun keçirən adına isə ötən il “Aston Villa”da karyerasını başa vurmuş Stiliyan Petrov sahibdir.
Bundan başqa, millidə kapitan İvelin Popov (Kuban), “Bakı”nın hədəfində olan, ancaq Plovdiv “Lokomotiv”i ilə anlaşan Spas Delev, Vaqif Cavadovla “Tvente”də komanda yoldaşı olmuş, hazırda “Verona”nın qapıçısı Nikolay Mixaylov çıxış edir.
Ölkəmizdə də vaxtı ilə çoxlu sayda bolqarıstanlı oyunçular çıxış etsə də, hazırda bu ölkənin təmsilçisi qalmayıb. Bolqarıstanın sonuncu nümayəndəsi “İnter”də çıxış edən Daniel Genov idi ki, klub qışda yollarını ayırdıqdan sonra Sofiya “Lokomotiv”inə keçdi. Bununla belə, “İnter”in prezidenti Georgi Nikolovun da bu ölkəni təmsil etdiyini unutmamalıyıq.
İndiyədək Bolqarıstanla rəsmi görüşlərdə qarşılaşmamışıq. Ancaq yoldaşlıq matçlarında bu yığma ilə 3 dəfə üz-üzə gəlmək imkanımız olub. Belə ki, tərəflərin ilk qarşılaşması 2000-ci ildə Bolqarıstanın Varna şəhərində keçirilib. Bu və 2002-ci ildə Sofiyada baş tutan matçlarda meydan sahibləri millimizdən üstün olub. Tərəflərin 2 il sonra Bakıdakı cavab oyununda isə hesab açılmayıb. Top fərqində bolqarlar millimizdən üstündür – 5:1.
Klub səviyyəsində də bolqarlara uduzuruq. “Neftçi” UEFA Kubokunun 1996/97 mövsümünün ilk təsnifat mərhələsində evdə “Lokomotiv”dən üstün olsa (2:1), səfərdə 0:6 hesabı ilə məğlub olmuşdu. Çempionlar Liqasının 2009/10 mövsümünün III təsnifat mərhələsində isə “Bakı” “Levski” səddinə ilişib. Həmin qarşılaşmalar 0:0 və 0:2 hesabları ilə başa çatıb.
Yoldaşlıq oyunu
26 iyul 2000. Varna. Bolqarıstan – Azərbaycan 2:1
20 fevral 2002. Sofiya. Bolqarıstan – Azərbaycan 3:0
17 noyabr 2004. Bakı. Azərbaycan – Bolqarıstan 0:0
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”