[b]Avrokuboklardakı ilk təmsilçimiz müəyyənləşdi[/b]
16.04.2015 - 09:55
[b]Avrokuboklardakı ilk təmsilçimiz müəyyənləşdi[/b]

2015/16 mövsümündə avrokuboklarda Azərbaycanı təmsil edəcək klublardan biri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ilk vəsiqəni Bakının “Rəvan” klubu qazanıb.

 

Paytaxt təmsilçisi Gənclər Liqasında çıxış edəcək ilk Azərbaycan klubu kimi tarixə düşmək imkanı qazanıb. Buna “Rəvan”ın U-19 Liqasında çempion adını qazanması səbəb olub.

 

Belə ki, 26 oyundan sonra 68 xal toplayan U-19 son turların nəticəsindən asılı olmayaraq, 1-ci yeri təmin edib. Düzdü, həm 5 oyunu qalan “Qəbələ”, həm də 6 matça çıxacaq “Simurq” liderə çatmaq üçün nəzəri şanslarını qoruyur. Amma şəxsi oyunlarda üstün olan “Rəvan” istənilən halda, qızıl medalları təmin edib.

 

UEFA-nın ötən ilin sonlarında çıxardığı qərara əsasən, 2015/16 mövsümündən yarışda təkcə Çempionlar Liqasının qrupunda çıxış edən 32 klub deyil, həm də reytinqdə ilk 32 pillədə olan ölkələrin bu yaş qrupu üzrə çempionları da çıxış edəcək.

 

Qeyd edək ki, 2014/15 mövsümündə yarışın qalibi İngiltərə “Çelsi”si olub. London təmsilçisi aprelin 13-də baş tutan finalda Ukrayna “Şaxtyor”unu məğlub edib – 3:2.