[b]Avropa Liqası: Tilsim qırılacaqmı?[/b]
15.04.2015 - 12:43
[b]Avropa Liqası: Tilsim qırılacaqmı?[/b]

Sabah Avropa Liqasında 1/4 final mərhələsinin ilk görüşləri keçiriləcək. Apasport.az saytının məlumatına görə, bütün matçların eyni vaxtda başladığı oyun günündə İtaliya və Ukraynanın hərəsinin iki, həmçinin Almaniya, Rusiya, İspaniya və Belçika təmsilçisi meydana çıxacaq.

 

Yarışın son qalibi “Sevilya” öz meydanında “Zenit”i qəbul edəcək. 7 il əvvəl bu titulu qazanan şimallılar Rusiya çempionatının lideri olduğundan, pireneylilər də La Liqada uğurla çıxış etdiyindən qarşılaşmaya maraq böyükdü. İndiyədək 4 avrokubok matçında üz-üzə gələn komandaların qarşılaşmalarında hər tərəf 1 qələbə qazanıb, 2 dəfə heç-heçə qeydə alınıb.

 

Qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Dnepr” isə Belçikada “Brügge”nin qonağı olacaq. 11 il əvvələ təsadüf edən yeganə dueldə rəqibinə qalib gələn Ukrayna təmsilçisi kubok qazanmaq arzusuna doğru növbəti addımını atmağa çalışacaq.

 

Tarixi ərzində “Fiorentina”ya qalib gələ bilməyən Kiyev “Dinamo”su tilsimi doğma meydanda qırmaq iddiasındadı. İtaliya təmsilçisi isə iki dəfə mübarizədən kənarlaşdırdığı rəqibinə eyni taleyi yaşatmaq əzmindədi.

        

Cari mövsüm uğurlu çıxışı ilə təəccübləndirən “Volfsburq” Almaniyada “Napoli”ni sınağa çəkəcək. İndiyədək heç vaxt yolları kəsişməyən rəqiblər ilk dəfə üz-üzə gələcək.

 

Avropa Liqası
1/4 final, ilk oyunlar
16 aprel

 

00:05. “Sevilya” (İspaniya) – “Zenit” (Rusiya)

Baş hakim: Bas Niyhuis (Hollandiya)

Sevilya. “Ramon Sançes Pisxuan” stadionu

 

00:05. “Brügge” (Belçika) – “Dnepr” (Ukrayna)

Baş hakim: Damir Skomina (Sloveniya)

Brügge. “Yan Beydel” stadionu

 

00:05. “Dinamo” (Ukrayna) – “Fiorentina” (İtaliya)

Baş hakim: Şimon Marçinyak (Polşa)

Kiyev. Olimpiya stadionu

 

00:05. “Volfsburq” (Almaniya) – “Napoli” (İtaliya)

Baş hakim: Antonio Masteu Latos (İspaniya)

Volfsburq. “Volfsburq Arena”

 

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 23-də keçiriləcək.