Çempionlar Liqasının finalında üz-üzə gələcək İspaniya “Real”ı və İngiltərə “Liverpul”u avrokuboklar tarixində 6-cı dəfə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, Avropanın ən güclü adına iddiaçılar indiyədək 3 duel çərçivəsində baş tutan 5 matçda münasibətlərini ayırd edib.
İlk belə oyun 37 il öncəyə təsadüf edib. Çempionlar kubokunun finalında üz-üzə gələn rəqiblər indiki kimi qitənin ən yaxşısı adı uğrunda mübarizə aparıb. Parisdəki “Park de Prens” stadionunda keçirilən qarşılaşmada “Liverpul” 1:0 hesabı ilə qalib gəlib və kubokun sahibi adına yiyələnib.
2-ci dəfə finalda görüşəcək rəqiblərin duelində “Real” 37 ilin revanşını almağa, “Liverpul” isə titul sayını artırmağa çalışacaq.
Rəqiblərin ikinci dueli isə 2008/09 mövsümünə təsadüf edib. Yenə qitənin ən nüfuzlu klub turnirində üz-üzə gələn rəqiblər 1/8 finalda qarşılaşıb. Hər iki oyunda qalib gələn “Liverpul” səfərdə 1:0, ev matçında isə 4:0 hesablı darmadağına da sevinib.
İlk üç matçda rəqibinə uduzan Madrid klubu yalnız 2014/15 mövsümündə qisas ala bilib. Bu dəfə Çempionlar Liqasının qrupundakı hər iki görüşdə ispaniyalılar qələbə qazanıb – 3:0, 1:0. Madridlilər böyük hesablı qələbəni səfərdə əldə edə bilib.
Bir sözlə, 5 matçda “Liverpul” 3, “Real” 2 qələbə qazanıb. Top fərqində də İngiltərə təmsilçisi üstündü – 6:4. 3 dueldən ikisində mərhələni liverpullular qalib tamamlayıbsa, madridlilər yalnız qrupda rəqibindən üstün olub.
İki komanda arasında oyunların ən məhsuldar futbolçusu Kərim Benzemadı. O, “Liverpul”un qapısına 3 qol vurub. Stiven Cerrardin hesabında isə 2 top var.
1980/81 mövsümü
Çempionlar kuboku, final
“Liverpul” – “Real” – 1:0
2008/09 mövsümü
Çempionlar Liqası, 1/8 final
“Real” – “Liverpul” – 0:1, 0:4
2014/15 mövsümü
Çempionlar Liqası, qrup mərhələsi
“Liverpul” – “Real” – 0:3, 0:1