Avrokuboklara vəsiqə qazana bilməyən AZAL klubunun yay hazırlıq planına böyük ölçüdə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər”in hazırlıq prosesi 3 hissədən ibarət olacaq.
İyunun 15-də toplaşacaq paytaxt klubunun üzvləri əvvəlcə 5 gün ərzində tibbi müayinədən keçəcəklər. Ayın 20-dən isə komandanın yeni mövsümə hazırlığına start veriləcək.
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov saytımıza açıqlamasında bildirib ki, toplanışın birinci mərhələsi Bakıda baş tutacaq: “Hazırlığa Bakıda başladıqdan sonra Quba və yaxud Qusara yollanacağıq. Yay təlim-məşq toplanışının birinci və ikinci hissəsi Azərbaycanda baş tutacaq. Burada daha çox fiziki yükləmələrə yer veriləcək”.
Əhmədov hazırlığın 3-cü mərhələsinin Türkiyədə keçirilməsini istəyir: “Türkiyəyə, yenə Boluya getmək fikrindəyik. Çünki oranın havası yaxşıdı. Bolu oksigeni çox olan yerdi. Rəhbərliklə danışdıqdan sonra Türkiyə variantının baş tutub-tutmayacağı tam dəqiqləşəcək. Ancaq böyük ehtimalla, elə Boluya gedəcəyik. Hazırlığın əsas mərhələsi məhz üçüncü hissə olacaq. Türkiyəyə getmək həm də o mənada yaxşıdı ki, orda güclü komandalar çoxdu. Bu da sparrinq rəqib seçimində kömək olur. Yoxlama oyunlarında nə qədər güclü komandalarla qarşılaşsan, bir o qədər yaxşıdı”.