AZAL heyətinə yeni futbolçu cəlb edib. Apasport.az saytının xəbərinə görə, paytaxt təmsilçisi sabah daha bir futbolçu ilə müqavilə imzalayacaq.
Belə ki, “Bakı”nın yetirməsi olan Hacı Əhmədov qış fasiləsindən sonra “təyyarəçilər”in formasını geyinəcək. Bu gün “Şərurspor”la keçirilən oyunda yeni komandasının heyətində yer alan və 34 nömrəli futbolka ilə meydana çıxan yarımmüdafiəçi ilə “6 ay+1 il” müddətinə anlaşma imzalanacaq.
Əhmədov “Bakı”dan sonra “Sumqayıt” və “Qarabağ”ın formasını geyinib. O, yayda Premyer Liqanın debütantı “Zirə” ilə müqavilə imzalasa da, meydana nadir hallarda çıxıb. Buna görə də 23 yaşlı futbolçu özünü AZAL-da sınamaq qərarına gəlib.
Karyerası ərzində 17, 19 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının formasını geyinən Əhmədov iki dəfə əsas yığmaya dəvət edilib. Yarımmüdafiəçinin “Xəzər Lənkəran”a keçəcəyi gözlənilirdi. Amma Lənkəran təmsilçisində yaşanan məlum problemlər üzündən o, AZAL-ın düşərgəsinə yollanıb.