[b]AZAL PFL-ə qarşı çıxır: Bizimkilər o rejimə öyrəşməyiblər[/b]
30.10.2015 - 12:13
[b]AZAL PFL-ə qarşı çıxır: Bizimkilər o rejimə öyrəşməyiblər[/b]

“Təqvim müəyyənləşdirən vaxt noyabrın 1-də parlament seçkilərinin keçiriləcəyi bilinmirdi? Bunları öncədən nəzərə almaq lazım idi”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun vitse-prezidenti Vaqif Qasımov deyib.

 

Oktyabrın 28-də Topaz Premyer Liqasının X turu çərçivəsində “Qəbələ”nin qonağı olan “təyyarəçilər” noyabrın 1-də “Qarabağ”la səfərdə qarşılaşmalı idi. Lakin həmin gün Milli Məclisə növbəti seçkilər keçiriləcəyi üçün Peşəkar Futbol Liqası çempionatın növbəti turunun matçlarını oktyabrın 31-nə keçirib.

 

4 gün ərzində 2 oyun keçirməyin əleyhinə olan Vaqif Qasımov bunun futbolçulara mənfi təsir etdiyini düşünür: “Futbolçularımız ayın 28-də Qəbələdə yağış altında ağır oyun keçirdilər. Hamısı da cavan uşaqlardı. Özlərinə gəlməyə vaxt tapmamış bu dəfə “Qarabağ” kimi komanda ilə qarşılaşacaqlar. İndi deyəcəklər ki, bütün Avropa bu rejimə öyrənib. Avropada öyrənə bilərlər, çünki orda futbolçular peşəkardılar. Üstəlik, onların bünövrəsi uşaq vaxtından qoyulur. Bizimkilər hələ o rejimə öyrəşməyiblər. Buna görə də, çətinlik çəkirlər”.

 

Vitse-prezident artıq maliyyə durumlarının düzəldiyini və klubun heç kimə borcu qalmadığını qeyd edib: “Futbolçular 4-5 ay idi maaş almırdılar. Amma indi vaxtında pullarını alırlar. Keçmişdən olan borclar da ödənilib. Futbolçular da görürlər ki, rəhbərliyin qayğısı var, daha həvəslə çıxış edirlər. Amma birdən-birə əldə edilən uğurlu çıxışı bununla əlaqələndirmək də doğru olmaz. Maliyyənin buna yalnız 10-15 faiz təsiri ola bilər”.

 

Son iki turda uğurlu çıxış edən AZAL əvvəlcə “Neftçi” üzərində (2:1) qələbə qazanıb, ardınca isə “Qəbələ” səfərindən (0:0) bərabərliklə dönüb. Vaqif Qasımov komandanın artıq özünə gəldiyini düşünür: “Yayda 17-18 futbolçu komandanı tərk etmişdi. Onların yerinə ordan-burdan cavan uşaqlar gəldi. Bir müddət vaxt lazımdı ki, onlar bir-birilərini tanısınlar. Dünyanın ən güclü 11 futbolçusunu da bir araya gətirsən, ilk vaxtlar onların oyunu alınmaz. Son iki oyundakı nəticə göstərdi ki, uyğunlaşma dövrü uğurla gedir. Komanda yavaş-yavaş öz oyununu tapır”.

 

Klub rəsmisi sonda qış fasiləsində heyətdə dəyişikliklər ediləcəyini də əlavə edib: “Yəqin ki, yeni transferlər olacaq. Bu məsələ məşqçilər korpusundan asılıdı. Onların istədiyi oyunçuları heyətə qatmağa çalışacağıq”.

 

Ruslan SADIQOV

0