Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San-Marino ilə keçirəcəyi oyunun hakimi Sebastyen Delferyer bizim üçün tanış simadı. Apasport.az saytının məlumatına görə, belçikalı referinin yolu bir dəfə təmsilçilərimizlə kəsişib.
35 yaşlı Delferyer “Qəbələ”nin ötən mövsüm Avropa Liqasının qrup mərhələsində Dortmund “Borussiya”sı ilə səfər qarşılaşmasında ədalət təmsilçisi funksiyasını yerinə yetirib. Almanların 4:0 hesabı ilə qələbə qazandıqları qarşılaşmada referi 5 dəfə sarı vərəqəyə ehtiyac duyub ki, bunun 4-nü “qırmızı-qaralar”ın üzvlərinə göstərib.
1981-ci il təvəllüdlü Sebastyen Delferyer 2010-cu ildə FİFA dərəcəsini alıb. 2008-ci ildən Belçika yüksək liqasında oyunlar idarə edən Delferyer indiyə qədər beynəlxalq arenada 42 qarşılaşmada fit çalıb. O, 2012-13 mövsümündən etibarən hər il Avropa Liqasında qrup oyunlarına təyinat alır. Ancaq karyerası ərzində Çempionlar Liqasında cəmi 1 oyun idarə edib ki, o da təsnifat mərhələsi görüşü olub.
Belçikalı referi DÇ-2014 və AÇ-2016-nın seçmə mərhələ qarşılaşmalarında da ədalət təmsilçisi olub. Delferyer cari mövsümdə hələlik 2 beynəlxalq təyinat alıb. Bu da Avropa Liqasının III və pley-off mərhələlərinə təsadüf edib.
35 yaşli hakim Avropa arenasında idarə etdiyi 42 görüşdə ümumilikdə 162 dəfə sarı, 9 dəfə qırmızı vərəqəyə əl atıb.
Qeyd edək ki, San-Marino – Azərbaycan oyunu sentyabrın 4-də Serravalle şəhərində keçiriləcək.