Azərbaycan “Monako” klubunun tarixinə düşüb. Apasport.az-ın Fransa təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, “Monako” indiyə qədər ən uzun səfərini məhz ölkəmizə edib.
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq Knyazlıq klubu dünən bu məqsədlə ölkəmizə təşrif buyurub. Nitsa şəhərindən yola çıxan fransızlar Bakıya çatmaq üçün 3491 km məsafə qət ediblər. 5-6 saat havada qalan “Monako”nu gətirən təyyarə 10 ölkənin (Fransa, İtaliya, Sloveniya, Xorvatiya, Bosniya və Herseqovina, Serbiya, Bolqarıstan, Türkiyə, Gürcüstan, Azərbaycan) üzərindən keçib. Bakı, bununla “Monako”nun Avrokubokda ən uzun məsafəli yolu kimi tarixə düşüb.
Sabah komandanın geri qayıdacağını da nəzərə alsaq, Leonardo Yardimin kollektivinin iki gündə 6982 km məsafə qət edəcəyini söyləmək olar. Monakodan Nitsaya, geri dönüş zamanı da Nitsadan Monakoya ediləcək səfəri də bura əlavə etsək, fransızların yolunun daha uzun olduğunu görərik.
Qeyd edək ki, “Qarabağ” – “Monako” oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.