Sabah futzal üzrə ölkə çempionumuz “Araz”ın UEFA Kubokunun elit mərhələsindəki rəqiblərinin adlarına aydınlıq gələcək. Apasport.az saytının məlumatına görə, Naxçıvan təmsilçisi 3-cü dəfə “Dördlər finalı”na qatılmaq üçün çalışacaq.
2 dəfə (2010, 2014) “Dördlər finalı”nın bürünc mükafatçısı olmuş “Araz” bu dəfə yeni baş məşqçi ilə avrokuboka qoşulacaq. Braziliyalı Joze Alesionun “Kayrat”a qaçmasından sonra “Araz”a ötən il Moskva “Dinamo”su ilə Bakıya gəlmiş Faustino Peres təyin olunub. Ölkə çempionatını saymasaq, ispaniyalı çalışdırıcı ilk ciddi sınağını məhz elit mərhələdə verəcək.
Bu ilin aprelində Bakıda keçirilmiş UEFA Kubokunun 2 iştirakçısı “Barselona” və “Kayrat” kimi “Araz” da mübarizəyə elit mərhələdən start verəcək. Digər yüksək reytinqli komanda isə “Araz”ın ötən mövsüm “Dördlər finalı”na çıxmağa imkan vermədiyi Portuqaliya “Sportinq”idir.
Elit mərhələdə 4 qrup olacaq. Səpələnmişlərdən “Araz” istisna olmaqla, digər 3 komandanın meydan sahibi olacağı dəqiqləşib. 4-cü meydan sahibi isə əsas mərhələnin I qrupunda II olmuş Çexiyanın “Xrudim” klubudur. Bu isə o deməkdir ki, “Araz” elit mərhələnin oyunlarını noyabrın 18-dən 23-dək Çexiyanın Xrudim şəhərində keçirəcək. Komandamızın digər 2 rəqibi isə püşkatmanın nəticəsindən sonra bilinəcək.
Qaydalara görə, əsas mərhələdə bir qrupda mübarizə aparmış komandalar elit mərhələdə bir qrupda yer ala bilməz. Həmçinin siyasi gərginliyə görə Rusiyanın “Dina” klubu Ukrayna “Lokomotiv”i ilə bir qrupa düşməyəcək. Amma bir ölkənin komandası – İspaniyanın “Barselona” və “İnter” klubları eyni qrupda mübarizə apara bilər.
Səpələnmişlər: “Barselona” (İspaniya), “Kayrat” (Almatı, Qazaxıstan), “ARAZ” (NAXÇIVAN, AZƏRBAYCAN), “Sportinq” (Portuqaliya)
Əsas mərhələnin qrup qalibləri: “Sportinq” (Paris, Fransa), “Nikars” (Riqa, Latviya), “Dina” (Moskva, Rusiya), “İnter” (İspaniya), “Baku Yunayted” (İngiltərə), “Beretyouyfolu” (Macarıstan)
Əsas mərhələnin qrup ikinciləri: “Xrudim” (Çexiya), “Qrand Pro” (Varna, Bolqarıstan), “Şarlerua” (Belçika), “Lokomotiv” (Xarkov, Ukrayna), “Ekonomats” (Kraquyevats, Serbiya), “Slov-Matik” (Bratislava, Slovakiya)
Qeyd edək ki, UEFA Kubokunun elit mərhələsinin püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək. Mərasim ənənəvi olaraq İsveçrənin Nyon şəhərində baş tutacaq.