[b]Azərbaycan çempionu üçün 14 potensial rəqib[/b]
06.08.2015 - 12:12
[b]Azərbaycan çempionu üçün 14 potensial rəqib[/b]

Avropa Liqasının pley-off mərhələsinin 15 iştirakçısı bəllidi. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsində məğlub olan klublar daha aşağı səviyyəli yarışa “transfer” olunub.

 

Qitənin ikinci dərəcəli klub turnirinə göndərilənlər arasında Azərbaycan çempionu “Qarabağ”da yer alıb. Ağdam klubu Şotlandiya “Seltik”inə uduzduğu (0:1, 0:0) üçün Avropa Liqasında çıxış edəcək.

 

Təmsilçimizlə yanaşı, Türkiyənin “Fənərbaxça”, Avstriyanın “Zalsburq”, Çexiyanın “Sparta” və “Viktoriya”, İsveçrənin “Yanq Boyz”, Moldovanın “Milsami”, Rumıniyanın “Styaua”, Yunanıstanın “Panatinaikos”, Polşanın “Lex”, Macarıstanın “Videoton” Finlandiyanın HİK, Norveçin “Molde”, Danimarkanın “Midyulland” və Hollandiyanın “Ayaks” klubları da Avropa Liqasının pley-offuna düşüb.

 

Bu komandaları müəyyən mənada “Qarabağ”ın potensial rəqibləri hesab etmək olar. Lakin bu gün keçiriləcək Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunlarından sonra pley-offun 44 iştirakçısının tam siyahısı bəlli olacaq. Həmin vaxt komandalar püşk üçün iki səbətə bölünəcək. Səpələnməmişlər sırasında olacağı gözlənilən çempionumuzun, həmçinin bu gün bura vəsiqə qazana biləcək təmsilçilərimizin mümkün 22 rəqibi isə güclülər səbətində olacaq. Lakin “Qarabağ”ın səbəti rəsmiləşmədiyindən Çempionlar Liqasının digər 14 uğursuzundan hər biri təmsilçimizlə görüşə bilər.