[b]Azərbaycan çempionundan yeni rekord[/b]
13.03.2015 - 10:04
[b]Azərbaycan çempionundan yeni rekord[/b]

Azərbaycan çempionu “Rabitə” yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi bu uğura avrokuboklar tariximizdə 5-ci dəfə yarımfinala çıxmaqla nail olub.

 

Belə ki, CEV kubokunun “Çelenc raund”unda Fransa “Beziers”ini mübarizədən kənarlaşdıran Zoran Qayiçin yetirmələri 3 dəfə Çempionlar Liqasında, 2 dəfə bu yarışda ən güclü 4 komanda sırasında düşüb. “Rabitə” əvvəlki 4 yarımfinaldan 2-də mərhələ adlayıbsa, 2-də büdrəməklə, üçüncü olub.

 

Azərbaycan çempionu tarixində ilk yarımfinala da məhz CEV kubokunda vəsiqə qazanıb. Həmin vaxt Bakıda keçirilən “Dördlər finalı”nda İtaliya “Yamamay”ı keçilməz olmuşdu – 2:3. 5 ildən sonra yenidən qitənin ikinci dərəcəli klub turnirinin yarımfinalına vəsiqə qazanan paytaxt təmsilçisi bu müddətdə Çempionlar Liqasının “Dördlər finalı”nda da oynamağa imkan tapıb. 2010/2011 mövsümündə İtaliya “Skavolini”sinə 3:1 hesabı ilə qalib gələn komandamız 2 il sonra bu ölkənin “Yamamay” klubunu da keçməkdə çətinlik çəkməyib – 3:2. “Rabitə” ötən mövsüm isə yarımfinalda Kazan “Dinamo”su ilə qarşılaşaraq, 0:3 hesabı ilə uduzub.

 

Ən güclü 4 komanda sırasına yüksəlməklə, öz rekordunu yeniləyən bakılılar bu dəfə Krasnodar “Dinamo”su ilə üz-üzə gələcəklər. İlk qarşılaşma martın 24-də səfərdə, cavab oyunu 28-də Bakıda olacaq.

 

“Rabitə” “Dördlər finalı”na yüksəldiyi bütün mövsümlərdə medal qazanıb. Bu medallardan ikisi gümüş, ikisi bürüncdü. Komanda bu dəfə həmin mükafatları çempionluğa dəyişmək arzusundadı.

 

Qedy edək ki, “Rabitə”dən başqa, “Azəryol” da CEV kubokunun yarımfinalında Azərbaycanı təmsil edib.