[b]Azərbaycan klubunu məğlub edə bilmədi, istefaya göndərildi[/b]
22.01.2016 - 12:47
[b]Azərbaycan klubunu məğlub edə bilmədi, istefaya göndərildi[/b]

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt”la yoxlama oyunu Rumıniyanın “Voluntari” klubu üçün məşqçi istefası ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, təmsilçimizlə qolsuz heç-heçə George Multeskunun postunda son matçı kimi yadda qalıb.

 

Onun istefasına məhz “Sumqayıt”la qarşılaşmada baş verənlər səbəb olub.

 

Məsələ ondadı ki, Multeskunun müqaviləsində yer alan bəndə əsasən, komanda qış fasiləsinə qarşısına qoyulan vəzifənin öhdəsindən gəlməli idi. Yəni komandası rəhbərliyin şərt kimi qoyduğu qədər xal toplamağa borcluydu. Əks-halda, rəhbərlik Multesku ilə müqaviləni istədiyi vaxt pozmaq hüququ qazanacaqdı.

 

“Voluntari”nin uğursuz nəticələrindən narazı olan rəhbərlik Multeskuya qış fasiləsində də şans verib. “Sumqayıt”la matçda yaşananlar isə onların səbir kasasını daşırıb.

 

0:0 hesabı ilə başa çatan oyunun nəticəsindən narazı qalan baş məşqçi qarşılaşma zamanı referi ilə münaqişəyə girib. Ədalət təmsilçisini ədalətsizlikdə günahlandıran Multeskunun bu çılğınlığı isə “Sumqayıt”la matçın ardından istefaya göndərilməsi ilə nəticələnib.

 

Qeyd edək ki, “Voluntari” baş məşqçi postuna İlie Stanı gətirmək niyyətindədi.