[b]44 yaşlı hakimlə 4-cü dəfə: Hər şey 4:0-la başlamışdı[/b]
02.11.2015 - 14:26
[b]44 yaşlı hakimlə 4-cü dəfə: Hər şey 4:0-la başlamışdı[/b]

Avropa Liqasının qrup mərhələsinin IV turunun “Qarabağ” – “Monako” (Fransa) oyununu idarə edəcək Pavel Kristian Balay 4-cü dəfə Azərbaycan komandasının qarşılaşmasına təyinat alıb. Apasport.az saytının məlumatına görə, 44 yaşlı rumıniyalı indiyədək təmsilçilərimizə uğur gətirməyib.

 

Elə “Qarabağ”ın özü də onun idarəçiliyi altında uduzub. 2010-cu il avqustun 19-da isə rumıniyalı ağdamlıların böyük hesablı məğlubiyyətinə şahid olub. Səfərdə Dortmund “Borussiya”sından 4 cavabsız qol buraxan təmsilçimiz üçün Balayın idarəçiliyi düşərli sayılmır. Onun meydan sahiblərinə 3 sarı vərəqə verib, “Qarabağ”ı cəzalandırmamağı da nəticəni dəyişməyib.

 

Referinin təmsilçilərimizlə ilk görüşü isə 2005-ci ilə təsadüf edir. Martın 25-də U-21 yığmamız Polşada 0:3 hesabı ilə uduzanda Balay millimizin məğlubiyyətində, penalti təyin etməklə pay sahibi olmuşdu.

 

İki böyük hesablı məğlubiyyət alan komandalarımızın bu seriyası ötən il qırılıb. Rumıniyalının idarə etdiyi matçlarda ilk dəfə məğlub olmayan komandamız “Neftçi” olub. “Ağ-qaralar” Avropa Liqasının Gürcüstan “Çixura”sı ilə görüşündə qolsuz heç-heçəylə kifayətlənib. Balay isə hələ də təmsilçilərimizin qol vurmasını görməyib.

 

Ümumilikdə isə Rumıniya çempionatında 2000-ci ildə debüt edən Balay 2003-cü ildən FİFA hakimidi. O, UEFA-nın hakimlər üçün 1-ci kateqoriyasına daxildi.